ABŞ-ın aparıcı maliyyə qurumları süni intellekt agentlərinin müştəri hesabları üzərindən icazəsiz əməliyyatlar aparması riskinə qarşı yeni təhlükəsizlik tədbirləri görür.
Elpress.az xəbər verir ki, “Axios” portalının məlumatına görə, “JPMorgan Chase”, “Bank of America”, “Citigroup” və “Morgan Stanley” bəzi süni intellekt sistemlərinin bank hesablarına çıxışını bloklayır və ya onların səlahiyyətlərini məhdudlaşdırır.
Bankların əsas narahatlığı bu texnologiyaların müştərinin maliyyə məlumatlarından istifadə etməklə onun adından pul köçürməsi və digər əməliyyatlar aparması ehtimalıdır. Bu səbəbdən maliyyə qurumları hesab məlumatlarını oxumaqla vəsait üzərində əməliyyat aparmaq imkanlarını bir-birindən ayırmağa çalışırlar.
Məsələnin hüquqi tərəfi də gündəmdədir. Süni intellekt agentinin səhv və ya icazəsiz əməliyyatı nəticəsində zərər yaranarsa, məsuliyyətin bankın, hesab sahibinin, yoxsa texnologiyanı hazırlayan şirkətin üzərinə düşəcəyi aydınlaşdırılmalıdır.


