Ordubadın qədim tarixi, mədəni irsi və etnoqrafik xüsusiyyətlərini özündə əks etdirən “Cənnətin iqamətgahı” sənədli-musiqili-etnoqrafik filminin təqdimatı keçirilib.
Elpress.az xəbər verir ki, ekran əsərinin təqdimat mərasimi Nizami Kino Mərkəzində təşkil olunub. Tədbirdə mədəniyyət nümayəndələri, ictimaiyyət və media təmsilçiləri, həmçinin filmin yaradıcı heyəti iştirak edib.
Mərasimdə bildirilib ki, film “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində hazırlanıb. Layihənin əsas məqsədlərindən biri Azərbaycanın bölgələrindəki tarixi, təbii və etnik-mədəni irsin audiovizual vasitələrlə tanıdılmasıdır.
Filmin ssenari müəllifi, rejissoru və prodüseri Kamran Qasımov ekran əsərinin əsasən Ordubadın etnoqrafiyasına həsr olunduğunu bildirib. Onun sözlərinə görə, filmdə şəhərin keçmişi, bu günü və gələcəyinə dair mesajlar da yer alıb.
Təqdimatın sonunda filmin yaradıcı heyəti tamaşaçılara təqdim olunub və ekran əsərinin tam versiyası nümayiş etdirilib.


