ISW Rusiya qüvvələrinin Liman bölgəsində canlı qüvvə və texnika topladığını, Ukrayna ordusunun isə bir neçə istiqamətdə əks-hücuma keçdiyini bildirir
Elpress.az xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) son təhlilinə əsasən, Rusiya ordusunun Ukraynanın Slavyansk istiqamətində daha genişmiqyaslı hücum əməliyyatına hazırlaşdığı ehtimal edilir.İnstitutun avqustun 29-na olan vəziyyətlə bağlı hesabatında Rusiya qüvvələrinin Liman istiqamətində şəxsi heyət və hərbi texnika cəmləşdirdiyi qeyd olunur. Avqustun 28-29-da bu istiqamətdə hücumlar davam etsə də, Rusiya hərbçilərinin təsdiqlənmiş irəliləyiş əldə etmədiyi bildirilib.Ukrayna qüvvələrinin isə Slavyanskdən şərqdə yerləşən bəzi ərazilərdə əks-hücumlar həyata keçirdiyi qeyd olunur. Rusiya ordusunun Ukraynanın logistika xətlərinə, həmçinin Oskol və Severski Donets çayları üzərindəki keçidlərə zərbələr endirməsi də daha geniş hücuma hazırlıq əlaməti kimi qiymətləndirilib.Hesabatda Sumı vilayətindəki vəziyyətə də toxunulub. Rusiya Müdafiə Nazirliyi Xrapovşina kəndini ələ keçirdiyini açıqlasa da, Ukrayna tərəfi bu məlumatı təkzib edib. ISW isə sözügedən yaşayış məntəqəsinin ələ keçirildiyini təsdiqləyən sübut əldə etmədiyini bildirib.Bundan başqa, Xarkov vilayətinin Kupyansk və Borovaya istiqamətlərində Ukrayna qüvvələrinin əks-hücumlar keçirdiyi qeyd olunub. Konstantinovka və Drujkovka ərazilərində də Ukrayna tərəfinin əks-hücumları nəticəsində Rusiya qüvvələrinin irəliləyişinin qarşısının alındığı bildirilib.ISW eyni zamanda Dobropolye istiqamətində Ukrayna ordusunun təsdiqlənmiş irəliləyişinin olduğunu açıqlayıb. Geolokasiya edilmiş görüntülərin Ukrayna qüvvələrinin Dorojnoye ərazisində mövqelərini irəli apardığını göstərdiyi qeyd olunur.



