Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun vəzifələrinin icrası müavin Bahadur Rzayevə həvalə edilib.
Bahadur Məhərrəm oğlu Rzayev “Yüksəliş” müsabiqəsinin finalçısıdır. O, 2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Birmingem Universitetində “Səhiyyə siyasəti və idarəolunması” ixtisası üzrə təhsil alıb və proqramı birinciliklə başa vurub.
Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment üzrə bakalavr, İstanbul Universitetində isə təşkilatların idarə olunması üzrə magistr təhsili alıb. 2018–2019-cu illərdə Almaniyanın RWTH Aachen Universitetində liderlik və təşkilati səmərəliliyin artırılması istiqamətində elmi araşdırmalar aparıb.
Peşəkar fəaliyyəti dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri, daha sonra İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb.
Bahadur Rzayev səhiyyə menecmenti, tibbi xidmətlərin təşkili, rəqəmsal həllərin tətbiqi, keyfiyyətin idarə olunması və strateji planlaşdırma sahələri üzrə ixtisaslaşıb. Son təyinatından əvvəl TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsində işləyib.


