SOCAR Xəzər dənizində yerləşən “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqat layihəsini başa çatdırıb.
Elpress.az xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin istismar etdiyi yataqda aparılan araşdırma 247,6 kvadratkilometr ərazini əhatə edib.
Tədqiqat zamanı əldə edilən yüksək dəqiqlikli məlumatların yatağın geoloji quruluşunun daha ətraflı öyrənilməsinə imkan verəcəyi bildirilir. Toplanan məlumatlar vasitəsilə geoloji layların, tektonik qırılmaların və kollektorların xüsusiyyətləri daha dəqiq müəyyənləşdiriləcək.
Yeni məlumatların “Günəşli” yatağının geoloji modelinin təkmilləşdirilməsinə və gələcəkdə qazılması planlaşdırılan quyular üçün hədəflərin daha dəqiq seçilməsinə şərait yaradacağı qeyd olunur.
SOCAR-ın məlumatına görə, layihə Xəzər dənizində müasir geofiziki texnologiyaların tətbiqinin genişləndirilməsi baxımından da əhəmiyyət daşıyır. Bu yanaşma uzun müddətdir istismarda olan yataqların mövcud və gələcək potensialının daha dəqiq qiymətləndirilməsinə imkan verə bilər.


