Aksiz markası olmayan tütün məmulatlarının qaçaqmalçılığı ilə bağlı cinayət işində təqsirləndirilən şəxslərlə bağlı məhkəmə qərarı verilib.
Elpress.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin edib və təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar.
Ev dustaqlığına buraxılan şəxslər arasında “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, briqadir Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov və həmin postun inspektoru Heydər Eyvazlı da var.
Həmçinin Tamerlan Axundzadə, tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirdiyi bildirilən Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov və Rövşən Tarverdiyev barəsində də eyni qərar qəbul edilib.
İş üzrə növbəti məhkəmə iclası oktyabrın 23-də keçiriləcək.


