ABŞ-də Azərbaycan mədəniyyətinin və milli dəyərlərin təbliğinə töhfələr vermiş mərhum mədəniyyət xadimi Sevinc Kərimovanın dövlət təltifi ailəsinə təqdim olunub.
Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Sevinc Kərimovanın qızı Nigar Vəkilova ilə görüşüb və Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunan “Tərəqqi” medalını ona təqdim edib.
Sevinc Kərimova 7 yanvar 2026-cı il tarixli Prezident Sərəncamı ilə xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.
Görüş zamanı Fuad Muradov mərhum sənətçinin xaricdə Azərbaycan mədəniyyətinin tanıdılması, milli dəyərlərin qorunması və soydaşlarımız arasında azərbaycançılıq ideyalarının yayılması istiqamətində fəaliyyətindən danışıb.
Komitə sədri 2025-ci ildə ABŞ-yə səfəri zamanı Sevinc Kərimova ilə görüşünü də xatırladıb və onun Azərbaycan-ABŞ mədəni əlaqələrinin inkişafına verdiyi töhfələri qeyd edib.
Nigar Vəkilova isə anasının əməyinə dövlət səviyyəsində verilən yüksək qiymətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Sevinc Kərimova 1980–1990-cı illərdə Azərbaycanda televiziya proqramları və müxtəlif kütləvi tədbirlər üzrə rejissor və prodüser kimi fəaliyyət göstərib. O, “Karvan” qrupunun yaradıcısı olub. Daha sonra ABŞ-də fəaliyyətini davam etdirərək “Golden Arts Entertainment Production” şirkətində prodüser kimi çalışıb.
Sevinc Kərimova Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Bakı Payızı – 35 il sonra” və “Birlikdə” beynəlxalq layihələrinin təşkilində də iştirak edib. Həyat yoldaşı, bəstəkar Mikayıl Vəkilovla birlikdə gənc azərbaycanlı musiqiçilərə dəstək göstərib.
Məlumat üçün bildirək ki, Sevinc Kərimova 2024-cü ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə də təltif olunub. O, 2026-cı ilin yanvarında, 70 yaşında vəfat edib.


