Dünya Azərbaycanlıları Konqresi böyük diaspor təşkilatlarından biridir. DAK-da iş görmək, fəaliyyət göstərmək yalnız hansısa vəzifəni daşımaq, toplantılarda iştirak etmək və ya tədbirlər keçirməklə məhdudlaşmır. Diaspor işi ilk növbədə fədakarlıq, milli təəssübkeşlik, şəxsi təşəbbüs, vaxt, enerji və bir çox hallarda şəxsi maddi imkan tələb edir.
DAK-ın rəhbərliyində, İdarə Heyətində və müxtəlif ölkələrdəki strukturlarında təmsil olunan insanlar dünyanın ayrı-ayrı yerlərində yaşayırlar. Onların hər biri öz imkanları, əlaqələri, peşəsi və fəaliyyət sahəsi üzrə Azərbaycan naminə müəyyən işlər görür. Əslində DAK-ın fəaliyyəti də bu insanların müxtəlif ölkələrdə gördükləri işlərin, keçirdikləri görüşlərin, yazdıqları yazıların, qaldırdıqları məsələlərin, müdafiə etdikləri milli hüquqların və həyata keçirdikləri təşəbbüslərin məcmusudur.
Mənim düşüncəmə görə, diaspor təşkilatının vəzifəsi yalnız dövlətin gördüyü işi təkrarlamaq deyil. DAK dövlətin müəyyən səbəblərdən görə bilmədiyi, yaxud rəsmi səviyyədə dilə gətirilməsi çətin olan milli məsələləri də gündəmə gətirməli, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın səsini eşitdirməlidir. DAK uzun illər məhz bu missiyanı yerinə yetirməyə çalışıb.
Mən 2008-ci ildən Dünya Azərbaycanlıları Konqresinin üzvüyəm. Bu illər ərzində təşkilat daxilində görülən bir çox işlərin, aparılan müzakirələrin və həyata keçirilən təşəbbüslərin şahidi olmuşam. Ona görə də bu təşkilatın fəaliyyətinə kənardan deyil, uzun illər onun içində olmuş bir insanın müşahidələri əsasında qiymət verirəm.
Bu baxımdan Sabir bəy Rüstəmxanlının DAK və ümumilikdə dünya azərbaycanlılarının milli birliyi naminə gördüyü işlərin sayı-hesabı yoxdur.
Sabir bəy üçün diaspor fəaliyyəti yalnız tədbirlərdə iştirak etmək, konqreslər keçirmək və beynəlxalq toplantılarda çıxış etməkdən ibarət olmayıb. O, ayrı-ayrı insanların taleyinə qədər gedib çıxan məsələlərlə məşğul olub. Güney Azərbaycandan Bakıya təhsil almağa gələn tələbələrin təhsil haqları və digər problemlərindən tutmuş, müxtəlif səbəblərlə Azərbaycana pənah gətirən soydaşlarımızın problemlərinə qədər bir çox məsələlərdə onun və DAK-ın dəstəyi olub.
Çətin vəziyyətə düşən soydaşlarımızın problemlərinin aidiyyəti qurumlara çatdırılması, onların səsinin eşidilməsi, hüquqi, sosial və məişət problemlərinin həllinə imkan daxilində kömək göstərilməsi bu fəaliyyətin bir hissəsi olub. Çünki böyük milli ideyaların arxasında konkret insanların taleyi dayanır. Bir soydaşımızın probleminə sahib çıxmaq da milli fəaliyyətin bir hissəsidir.
Güney Azərbaycan məsələsi Sabir bəy Rüstəmxanlının ictimai və diaspor fəaliyyətində hər zaman xüsusi yer tutub. Güney azərbaycanlılarının ana dili, milli-mədəni hüquqları, təhsil məsələləri, milli kimliyinin qorunması və onların problemlərinin Azərbaycan və dünya ictimaiyyətinə çatdırılması istiqamətində uzun illər ardıcıl mövqe nümayiş etdirib.
Bu münasibət yalnız bəyanatlarla məhdudlaşmayıb. Güneyli tələbələrin problemləri, onların Azərbaycanda təhsil alması, müxtəlif səbəblərlə bura gəlmiş soydaşlarımızın üzləşdiyi çətinliklər də diqqətdə saxlanılıb. Güney Azərbaycan məsələsinin yalnız Azərbaycan daxilində deyil, beynəlxalq müstəvidə də səsləndirilməsi üçün müxtəlif imkanlardan istifadə olunub.
Sabir bəy dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla görüşüb, onların problemlərini dinləyib, milli məsələlər ətrafında birləşməsinə çalışıb. Avropada, Türkiyədə, Amerikada, Rusiyada və digər bölgələrdə yaşayan soydaşlarımızla əlaqələrin yaradılması və möhkəmləndirilməsi DAK-ın fəaliyyətinin əsas istiqamətlərindən biri olub.
Beynəlxalq təşkilatlarda, müxtəlif ölkələrdə keçirilən konfrans və toplantılarda Azərbaycan məsələsinin qaldırılması, xalqımızın həqiqətlərinin xarici auditoriyalara çatdırılması da bu fəaliyyətin mühüm istiqamətidir. Azərbaycan, Qarabağ, Güney Azərbaycan, dünya azərbaycanlılarının milli hüquqları, ana dili və milli kimlik məsələlərinin müxtəlif beynəlxalq platformalarda səsləndirilməsi üçün uzun illər fəaliyyət göstərilib.
Sabir bəyin fəaliyyətində Qarabağ məsələsi də xüsusi yer tutub. Azərbaycan torpaqlarının işğalı, qaçqın və məcburi köçkünlərin taleyi, xalqımızın üzləşdiyi ədalətsizliklərin beynəlxalq auditoriyalara çatdırılması diaspor fəaliyyətinin əsas istiqamətlərindən biri olub.
Eyni zamanda Azərbaycan tarixinin, ədəbiyyatının, dilinin və mədəniyyətinin xaricdə təbliği də diqqətdə saxlanılıb. Sabir bəy özü şair, yazıçı və ictimai xadim olduğuna görə sözün və ədəbiyyatın imkanlarından da Azərbaycan naminə istifadə edib. Azərbaycançılıq, milli kimlik, ana dili, Vətən və bütöv milli düşüncə onun həm yaradıcılığında, həm də ictimai fəaliyyətində mühüm yer tutub.
Bu fəaliyyətin mühüm tərəflərindən biri də odur ki, görülən işlərin böyük hissəsi geniş maliyyə imkanlarına söykənməyib. DAK adından həyata keçirilən bir çox səfərlər, görüşlər, tədbirlər və təşəbbüslər şəxsi imkanlar, şəxsi əlaqələr və böyük zəhmət hesabına başa gəlib. Sabir bəy də bu işlərin çoxunu öz büdcəsi və şəxsi imkanları hesabına həyata keçirib.
Bəzən bir tədbirin keçirilməsi, bir soydaşımızın probleminin həlli və ya Azərbaycan məsələsinin hansısa beynəlxalq toplantıda gündəmə gətirilməsi üçün aylarla zəhmət çəkmək lazım gəlib. Diaspor fəaliyyətinin görünməyən tərəfi də məhz budur.
Lakin DAK-ın fəaliyyəti yalnız Sabir bəy Rüstəmxanlının adı ilə məhdudlaşmır. Onunla birlikdə təşkilatın yükünü daşıyan, müxtəlif ölkələrdə Azərbaycan naminə çalışan digər şəxslərin əməyini də xüsusi qeyd etmək lazımdır.
DAK-ın digər həmsədri Firudin bəy Pərviznia kimi iş adamının, eyni zamanda milli düşüncə sahibinin həmsədr seçilməsi təşkilat üçün böyük uğur idi. Hazırda səhhəti ilə bağlı problemləri olsa da, onun həmsədr kimi Avropada gördüyü işləri və Azərbaycan davasına verdiyi töhfələri unutmaq olmaz.
Firudin bəy yalnız bir sahə ilə kifayətlənməyib. Avropada yaşayan soydaşlarımızla münasibətlərin qurulması, diaspor fəaliyyətinin genişləndirilməsi, Azərbaycanla bağlı məsələlərin müxtəlif dairələrə çatdırılması və milli təşəbbüslərə dəstək verilməsi istiqamətində öz imkanlarından istifadə edib. O, müxtəlif sahələr üzrə Azərbaycan davasına öz töhfəsini verən şəxslərdən biridir.
DAK İdarə Heyətinin üzvü Nurəddin Qərəvinin fəaliyyəti də ayrıca qeyd edilməlidir. Onun yazı-pozu fəaliyyəti, Azərbaycan türkcəsinin və ana dilimizin qorunması uğrunda apardığı mübarizə mühüm işlərdəndir.
Ana dili milli kimliyimizin əsas sütunlarından biridir. Xüsusilə Güney Azərbaycan məsələsində dil uğrunda mübarizə yalnız mədəni məsələ deyil, milli varlığın qorunması məsələsidir. Nurəddin bəyin illər ərzində bu istiqamətdə yazması, mövqe ortaya qoyması və ana dili məsələsini daim diqqətdə saxlaması DAK-ın ümumi milli fəaliyyətinin mühüm istiqamətlərindən biridir.
DAK-ın ən böyük və strateji baxımdan mühüm strukturlarından biri Rusiya nümayəndəliyidir. Rusiya Federasiyası ərazi baxımından dünyanın ən böyük ölkələrindən biridir, Azərbaycanla qonşudur və eyni zamanda ən çox soydaşımızın yaşadığı ölkələrdən biridir. Belə bir ölkədə Azərbaycan üçün fəaliyyət göstərmək, diaspor işi aparmaq, soydaşlarımız arasında milli bağlılığı qorumaq və ölkəmizin maraqlarını müdafiə etmək böyük əhəmiyyət daşıyır.
Rusiya Federasiyası böyüklüyündə bir coğrafiyada diaspor işi aparmağın nə qədər çətin olduğunu ayrıca nəzərə almaq lazımdır. Bu fəaliyyət yalnız Moskva ilə məhdudlaşmır. Ölkənin müxtəlif şəhər və regionlarında yaşayan böyük azərbaycanlı icmaları ilə əlaqə yaratmaq, onları milli məsələlər ətrafında bir araya gətirmək, Azərbaycanla bağlı həqiqətləri Rusiya ictimaiyyətinə çatdırmaq, mətbuat, elm, mədəniyyət və ictimai dairələrlə münasibətlər qurmaq böyük zəhmət, hünər və davamlı fəaliyyət tələb edir.
Rusiya kimi ölkədə iş görmək özü çox önəmlidir. Burada çoxsaylı soydaşlarımız yaşayır. Onların Azərbaycanla əlaqələrinin qorunması, milli kimliyinin və ana dilinin yaşadılması, yeni nəslin Azərbaycan mədəniyyətindən uzaq düşməməsi, ziyalılarımızın və fəallarımızın bir araya gətirilməsi böyük və davamlı iş tələb edir.
DAK-ın Rusiya nümayəndəliyində çalışan insanların gördüyü işlərin mühüm tərəflərindən biri də budur ki, onlar fəaliyyətlərinin böyük hissəsini öz vəsaitləri, öz hesabları və şəxsi imkanları hesabına həyata keçirirlər. Görüşlərin keçirilməsi, tədbirlərin təşkili, müxtəlif şəhərlərdə soydaşlarımızla əlaqələrin yaradılması, mətbuat və ictimaiyyətlə iş həm maddi, həm də təşkilati imkan tələb edir. Bu insanlar bir çox hallarda heç bir maddi qarşılıq gözləmədən Azərbaycan naminə üzərlərinə düşən işi görürlər.
Rusiyada yaşayan soydaşlarımızın çoxluğu, bu ölkənin Azərbaycan üçün siyasi, iqtisadi, tarixi və ictimai əhəmiyyəti nəzərə alınanda DAK-ın Rusiya nümayəndəliyinin üzərinə düşən məsuliyyət daha aydın görünür. Rusiya kimi bir ölkədə Azərbaycan üçün iş görmək, ölkəmizi, tariximizi, ədəbiyyatımızı və mədəniyyətimizi tanıtmaq, soydaşlarımızın problemlərinə biganə qalmamaq böyük hünərdir.
Bu istiqamətdə professor Abuzər bəy Bağırovun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun Moskva və ümumilikdə Rusiya mətbuatındakı mühüm yazıları Azərbaycan həqiqətlərinin, ölkəmizin mövqeyinin, tarixinin, ədəbiyyatının və mədəniyyətinin Rusiya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətlidir.
Mətbuat diaspor fəaliyyətinin ən təsirli vasitələrindən biridir. Xüsusilə Rusiya kimi böyük informasiya məkanına malik ölkədə Azərbaycan haqqında söz demək, yazmaq və ictimai rəyin formalaşmasına öz töhfəsini vermək ciddi fəaliyyətdir.
Professor Abuzər bəy Bağırovun işi yalnız mətbuat fəaliyyəti ilə məhdudlaşmır. Onun Azərbaycan ədəbiyyatının tanıdılması, ədəbi-mədəni əlaqələrin inkişafı, beynəlxalq əlaqələr sahəsində gördüyü işlər də mühüm əhəmiyyət daşıyır. Eyni zamanda alim və müəllim kimi fəaliyyəti, yetişən nəslə verdiyi bilik və Azərbaycan ziyalısını təmsil etməsi onun fəaliyyətinin başqa mühüm tərəfidir.
Azərbaycanı xaricdə yalnız siyasi bəyanatlarla tanıtmaq mümkün deyil. Bir ölkəni onun alimləri, müəllimləri, yazıçıları, mədəniyyəti, ədəbiyyatı və ziyalı sözü də tanıdır. Bu baxımdan professor Abuzər Bağırovun Moskvadakı elmi, pedaqoji, ədəbi, mətbuat və ictimai fəaliyyəti DAK-ın Rusiya istiqamətində gördüyü ümumi işin mühüm hissəsidir.
İdarə Heyətinin üzvü Rəhman bəy kimi ciddi, məsuliyyətli və milli məsələlərdə mövqeyi olan bir kadrın DAK-da təmsil olunması böyük uğurdur. Rəhman bəy fəaliyyəti, gördüyü işlər və duruşu ilə DAK-a hər zaman başucalığı gətirən insanlardandır.
Diaspor işində yalnız ad və vəzifə deyil, insanın ortaya qoyduğu mövqe, məsuliyyət və konkret fəaliyyət əsasdır. Rəhman bəyin timsalında DAK-ın Rusiya nümayəndəliyində milli məsələlərə ciddi yanaşan, təşkilatın nüfuzunu qoruyan və Azərbaycan naminə fəaliyyət göstərən kadrların olması nümayəndəliyin gücünü artırır.
İdarə Heyətinin üzvləri Tahir bəyin və doktor Kənanın fəaliyyəti də önəmlidir. Onların Rusiyada yaşayan soydaşlarımızla bağlı məsələlərdə iştirakı, DAK-ın fəaliyyətinə verdikləri töhfələr və Azərbaycan naminə gördükləri işlər ümumi fəaliyyətin ayrılmaz hissəsidir.
Rusiya ictimaiyyətinə Azərbaycan haqqında düzgün məlumatların çatdırılması, Azərbaycan ədəbiyyatının, tarixinin və mədəniyyətinin tanıdılması, ölkəmizlə bağlı məsələlərdə mövqeyimizin izah edilməsi mühüm diaspor fəaliyyətidir. Bu iş mətbuat vasitəsilə də aparılır, elm və təhsil vasitəsilə də, mədəniyyət və ədəbiyyat vasitəsilə də, ayrı-ayrı görüş və tədbirlər vasitəsilə də.
Rusiyada fəaliyyət göstərən DAK üzvlərinin hər birinin fəaliyyəti eyni formada olmaya bilər: biri mətbuatda yazır, digəri elm və təhsil sahəsində Azərbaycanı təmsil edir, biri soydaşlarımızla təşkilati iş aparır, digəri görüşlər keçirir və əlaqələr yaradır. Lakin bütün bu fəaliyyətlər eyni məqsədə – Azərbaycan naminə çalışmağa xidmət edir.
Rusiya Federasiyası böyüklüyündə, Azərbaycanla qonşu olan və çoxsaylı soydaşlarımızın yaşadığı bir ölkədə Azərbaycan üçün iş aparmaq böyük hünərdir. Bu işi illərlə, çox zaman öz şəxsi vəsaiti və imkanları hesabına davam etdirmək isə ayrıca fədakarlıqdır.
İdarə Heyətinin üzvü Babək Muğanlının fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Onun mətbuatdakı çıxışları, Güney Azərbaycan naminə gördüyü işlər, milli məsələlərin daim gündəmdə saxlanılması istiqamətində fəaliyyəti önəmlidir. Babək Muğanlının dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın birlik və bərabərliyinə, milli həmrəyliyinin gücləndirilməsinə yönələn fəaliyyəti DAK-ın ümumi işinə verilən mühüm töhfələrdəndir.
DAK-ın fəaliyyətindən danışarkən Zəlimxan Məmmədlinin Borçalı istiqamətində uzun illər gördüyü işlər də xüsusi qeyd edilməlidir.
Borçalı Azərbaycan tarixinin, mədəniyyətinin və milli yaddaşının ayrılmaz bir parçasıdır. Gürcüstanda yaşayan soydaşlarımızın milli-mədəni hüquqlarının müdafiəsi, onların ana dilinin və milli kimliyinin qorunması, Azərbaycanla mənəvi bağlarının yaşadılması və problemlərinin gündəmdə saxlanılması mühüm milli fəaliyyətdir.
Zəlimxan Məmmədlinin Borçalıda yaşayan soydaşlarımızla bağlı fəaliyyəti, onların təşkilatlanması, milli kimliyinin və adət-ənənələrinin qorunması istiqamətində gördüyü işlər DAK-ın ümumi fəaliyyətinin mühüm hissəsidir. Borçalı azərbaycanlılarının hüquqları, onların ictimai və mədəni həyatda fəallığının artırılması və Azərbaycanla mənəvi bağlarının qorunması istiqamətində aparılan fəaliyyət uzun illər davam edən bir mübarizədir.
Elat Bayramı, yaylaq festivalları və digər milli-mədəni tədbirlərin yaşadılması yalnız bayram və şənlik məsələsi deyil. Bunlar Borçalı azərbaycanlılarının öz tarixi yurdlarına, milli kimliyinə, mədəniyyətinə, folkloruna və adət-ənənələrinə sahib çıxmasının ifadəsidir.
İnsanların bir araya gəlməsi, müxtəlif ölkələrdən ziyalıların, ictimai xadimlərin və soydaşlarımızın Borçalıda görüşməsi milli birliyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Elat Bayramı və yaylaq ənənələrinin yaşadılması Borçalının qədim elat mədəniyyətinin və milli yaddaşının qorunmasına xidmət edir. Zəlimxan bəyin bu istiqamətdə fəaliyyəti də ümumi Azərbaycan davasının mühüm bir hissəsidir.
DAK-ın Bakı heyətinin fəaliyyətini də unutmaq olmaz. Dünyanın müxtəlif ölkələrində aparılan diaspor işi ilə Bakıdakı təşkilati fəaliyyət arasında əlaqənin yaradılması, xaricdə görülən işlərin əlaqələndirilməsi, Azərbaycana gələn soydaşlarımızla görüşlərin təşkili, müxtəlif ölkələrdən gələn nümayəndələrlə münasibətlərin qurulması və milli məsələlər ətrafında insanların bir araya gətirilməsi davamlı iş tələb edir.
İdarə Heyətinin üzvü Adil Minbaşının fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Onun DAK üçün hazırladığı mühüm sənədlər, müraciət və bəyanatların hazırlanmasındakı əməyi təşkilatın fəaliyyətinin önəmli istiqamətlərindəndir. Bu sənədlər DAK-ın müxtəlif milli məsələlərə mövqeyinin sistemli və əsaslandırılmış şəkildə ifadə olunmasına xidmət edir. Adil Minbaşının bu istiqamətdə gördüyü işlər DAK-ın təşkilati yaddaşına və ümumi fəaliyyətinə mühüm töhfədir.
İdarə Heyətinin üzvü Xəzər Eminin mədəniyyət, incəsənət və humanitar istiqamətdə fəaliyyəti DAK-ın işinin mühüm qollarından biridir. Azərbaycan davası yalnız siyasi tribunalarda aparılmır. Mədəniyyət, incəsənət, ədəbiyyat və humanitar fəaliyyət də xalqımızın özünü dünyaya tanıtmasının və milli kimliyini qorumasının ən təsirli vasitələrindəndir.
Xəzər Eminin bu sahələrdə gördüyü işlər, yaradıcı insanlarla əlaqələrin qurulması və milli-mədəni təşəbbüslərdə iştirakı DAK-ın fəaliyyətinin mədəni və humanitar istiqamətini tamamlayır.
Əli Hacının fəaliyyəti, keçirdiyi görüşlər, xüsusilə Güney Azərbaycandan olan soydaşlarımızı və dünyanın müxtəlif yerlərindən gələn azərbaycanlıları bir araya gətirmək üçün göstərdiyi çabalar da diqqətə layiqdir.
Diaspor fəaliyyətinin ən çətin məsələlərindən biri ayrı-ayrı ölkələrdə, fərqli siyasi və ictimai mühitlərdə yaşayan soydaşlarımız arasında əlaqə yaratmaqdır. İnsanları ortaq milli məsələlər ətrafında bir araya gətirmək, onların bir-birini dinləməsinə və əməkdaşlıq etməsinə şərait yaratmaq özü mühüm fəaliyyətdir.
DAK-ın Aparat rəhbəri Samir Adıgözəllinin fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Onun fəaliyyəti yalnız təşkilatın gündəlik işlərinin koordinasiyası ilə məhdudlaşmır. Samir Adıgözəlli həm diaspor fəalı, həm də QHT rəhbəri kimi müxtəlif ölkələrdə Azərbaycanla bağlı məsələlərin gündəmə gətirilməsində, soydaşlarımızla əlaqələrin qurulmasında və müxtəlif tədbirlərin keçirilməsində iştirak edib.
Ukraynada, Rusiyada, Türkiyədə və hazırda Avropada keçirdiyi görüşlər, iştirak etdiyi və təşkil etdiyi tədbirlər, diaspor nümayəndələri və ictimai fəallarla yaratdığı əlaqələr əslində DAK-ın fəaliyyətinin davamıdır.
Çünki DAK yalnız Bakıda yerləşən bir ofisdən və müəyyən vaxtlarda keçirilən qurultaylardan ibarət deyil. DAK-ın adı, məqsədi və məramı ilə dünyanın müxtəlif yerlərində görülən hər bir faydalı iş təşkilatın ümumi fəaliyyətinin bir hissəsidir.
Diaspor fəalının başqa ölkədə keçirdiyi bir görüş, Azərbaycanla bağlı təşkil etdiyi tədbir, soydaşlarımız arasında yaratdığı əməkdaşlıq və ya milli məsələlərimizin xarici auditoriyaya çatdırılması bəzən böyük bir konfrans qədər əhəmiyyətli ola bilər.
DAK İdarə Heyətinin üzvü Əkrəm Fevzi bəyin İraqdakı fəaliyyəti də təşkilatın fəaliyyət coğrafiyasının və milli baxışının genişliyini göstərən nümunələrdəndir.
İraq türkmanlarının öz milli kimliyini, dilini, mədəniyyətini və hüquqlarını qorumaq uğrunda apardığı mübarizə ümumi türk dünyasının mühüm məsələlərindən biridir. Əkrəm Fevzi bəyin türkmanların hüquqları uğrunda fəaliyyəti, onların səsinin eşidilməsi və problemlərinin gündəmə gətirilməsi istiqamətində gördüyü işlər də DAK-ın fəaliyyətinin mühüm hissəsidir.
DAK-ın fəaliyyətindən və onun yükünü çiyinlərində daşıyan insanlardan danışarkən Siyavuş Mustafanın adını ayrıca çəkməmək mümkün deyil.
Siyavuş Mustafa DAK-ın mücahidlərindən, ən fəal və mübariz simalarından biridir. Onun enerjisi, prinsipiallığı, milli məsələlərdə geri çəkilməyən mövqeyi və təşkilatın maraqlarını müdafiə etmək əzmi uzun illər DAK-ın fəaliyyətində özünü göstərib.
Bəzən bir insan gördüyü iş, ortaya qoyduğu enerji və mübarizə əzmi ilə bütöv bir kollektivin görə biləcəyi işi görür. Bu mənada Siyavuş Mustafa DAK üçün bir orduya bərabər adamdır.
Obrazlı desək, Siyavuş Mustafa DAK-ın ağır artilleriyasıdır.
Harada Azərbaycan məsələsinin, milli maraqlarımızın və DAK-ın mövqeyinin müdafiəsinə ehtiyac yaranıbsa, o, sözünü deməkdən, mövqeyini ortaya qoymaqdan çəkinməyib. DAK-ın üzərinə hücumların gəldiyi, təşkilatın və onun fəaliyyətinin müdafiəyə ehtiyac duyduğu məqamlarda onun prinsipiallığı, mübarizliyi və enerjisi xüsusilə seçilib.
DAK yalnız rəhbərlərin, həmsədrlərin və İdarə Heyəti üzvlərinin fəaliyyəti ilə deyil, belə mübariz insanların əməyi ilə güclənir. Siyavuş Mustafanın fəallığı, Azərbaycan və dünya azərbaycanlıları ilə bağlı məsələlərə həssas münasibəti və DAK-a bağlılığı təşkilatın ümumi fəaliyyətinin mühüm bir hissəsidir.
Bütün bunlar göstərir ki, DAK-ın fəaliyyətinə yalnız Bakıda keçirilmiş bir tədbir, bir konfrans və ya bir qurultay üzərindən qiymət vermək doğru deyil.
DAK-ın işi Bakıda, Moskvada, Borçalıda, Türkiyədə, Ukraynada, Avropada, İraqda və soydaşlarımızın yaşadığı digər məkanlarda davam edir.
Bir yerdə ana dili uğrunda mübarizə aparılırsa, başqa bir yerdə Azərbaycan haqqında mətbuatda yazı dərc olunur. Bir ölkədə soydaşlarımızın hüquqları müdafiə edilirsə, digər ölkədə Azərbaycan mədəniyyətinin təbliği üçün tədbir keçirilir. Bir yerdə Güney Azərbaycandan gələn tələbənin probleminə yardım göstərilirsə, başqa bir yerdə Borçalı azərbaycanlılarının və ya İraq türkmanlarının milli hüquqları müdafiə olunur.
Bir şəhərdə azərbaycanlılar görüş üçün bir araya gətirilirsə, başqa bir ölkədə Azərbaycan məsələsi beynəlxalq auditoriyanın qarşısına çıxarılır. Bir ziyalımız mətbuatda Azərbaycan haqqında yazırsa, başqa biri mədəniyyətimizi təbliğ edir, digəri soydaşlarımızın hüquqlarının müdafiəsi üçün çalışır.
Bunların hər biri ayrı-ayrı fəaliyyətlər kimi görünsə də, mahiyyət etibarilə eyni milli məqsədə xidmət edir.
DAK elə bu insanların fəaliyyətidir.
DAK Sabir bəy Rüstəmxanlının uzun illər apardığı milli mübarizədir. DAK Firudin bəy Pərviznianın Avropada gördüyü işlərdir. DAK Nurəddin Qərəvinin ana dili davasıdır. DAK Zəlimxan Məmmədlinin Borçalı və oradakı soydaşlarımız uğrunda fəaliyyətidir. DAK professor Abuzər Bağırovun Moskvadakı ziyalı, alim, müəllim və mətbuat fəaliyyətidir.
DAK Rəhman bəyin ciddi və prinsipial duruşu, Tahir bəyin və doktor Kənanın Rusiyada gördüyü işlərdir.
DAK Xəzər Eminin mədəniyyət, incəsənət və humanitar sahədəki fəaliyyətidir. DAK Əli Hacının güneyliləri və dünyanın müxtəlif yerlərindən olan soydaşlarımızı bir araya gətirmək üçün göstərdiyi çabadır. DAK Samir Adıgözəllinin Ukraynadan Rusiyaya, Türkiyədən Avropaya qədər keçirdiyi görüşlər, tədbirlər və yaratdığı əlaqələrdir.
DAK Əkrəm Fevzi bəyin İraq türkmanlarının hüquqları uğrunda mübarizəsidir.
DAK Siyavuş Mustafanın mücahidliyi, bir orduya bərabər enerjisi, prinsipiallığı və DAK-ın ağır artilleriyası kimi ortaya qoyduğu mübarizə əzmidir.
Ağrı Qaradağlının da DAK-da olması önəmli olaylardan biridir. Güney adına o çox fəaldır.
Ancaq bir yazıda DAK-a xidmət etmiş və bu gün də xidmət edən hər kəsin adını çəkmək mümkün deyil. Burada adını çəkə bilmədiyimiz, dünyanın müxtəlif ölkələrində DAK və Azərbaycan naminə fəaliyyət göstərən çoxsaylı soydaşlarımız, ziyalılarımız, təşkilat üzvlərimiz və fəallarımız var.
Onların arasında illərlə heç bir təmənna gözləmədən diaspor işi aparanlar, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdıranlar, mətbuatda yazılarla çıxış edənlər, görüş və konfranslar təşkil edənlər, milli-mədəni tədbirlər keçirənlər, ana dilimizi və mədəniyyətimizi yaşadanlar, soydaşlarımızın hüquqlarını müdafiə edənlər, gəncləri milli fəaliyyətə cəlb edənlər var.
Bəzilərinin fəaliyyəti böyük tədbirlərdə görünür, bəzilərinin gördüyü iş isə ictimaiyyətə çatmadan, səssiz şəkildə həyata keçirilir. Kimsə bir konfrans təşkil edir, kimsə bir məqalə yazır, kimsə bir soydaşımızın probleminin həllinə yardım edir, kimsə xarici ölkədə Azərbaycanla bağlı yanlış təsəvvürlərə qarşı mübarizə aparır, digəri isə dilimizi, mədəniyyətimizi və milli yaddaşımızı qorumağa çalışır.
Bunların hər biri Azərbaycan naminə görülən işdir və DAK-ın ümumi fəaliyyətinin tərkib hissəsidir.
Ona görə də bu yazıda adını çəkdiyimiz insanların fəaliyyəti ilə yanaşı, adını çəkmədiyimiz, lakin illər ərzində DAK-ın formalaşmasına, yaşamasına və fəaliyyətinin davam etməsinə öz töhfəsini vermiş hər bir insanın əməyini hörmətlə qeyd etmək lazımdır.
Bir təşkilatın gücü yalnız onun ofisi, büdcəsi, möhürü və keçirdiyi rəsmi tədbirlərlə ölçülmür. Təşkilatın əsl gücü onun daxilində olan insanların nüfuzu, fəaliyyəti, fədakarlığı, milli düşüncəsi və milli məsələlər qarşısında ortaya qoyduğu mövqe ilə ölçülür.
DAK-ın gücü də məhz bundadır: dünyanın müxtəlif nöqtələrində yaşayan, fərqli peşələrə və imkanlara malik insanların Azərbaycan adı, milli kimlik və ortaq milli maraqlar ətrafında bir araya gəlməsində.
DAK yalnız bir təşkilatın adı deyil. DAK bu insanların illər ərzində ortaya qoyduğu əməyin, mübarizənin, fədakarlığın və milli xidmətin ümumi adıdır.
Adını çəkdiyimiz və çəkmədiyimiz bütün insanların gördüyü işlər bir nöqtədə birləşir – Azərbaycan, dünya azərbaycanlılarının birliyi, milli kimliyimizin, ana dilimizin, mədəniyyətimizin və soydaşlarımızın hüquqlarının qorunması.
DAK elə bu şəxslərin, bu ziyalıların, bu fəalların və bu liderlərin fəaliyyəti ilə var.
DAK adını çəkdiyimiz və bu yazıda adını çəkməyə imkan tapmadığımız bütün fədakar insanların əməyidir. DAK onların milli düşüncəsi, mübarizəsi, şəxsi təşəbbüsü, vaxtı, zəhməti və gördükləri işlərlə yaşayır. Bu insanlar Azərbaycan davasına xidmət etdikcə DAK da var olacaq.
Samir Əsədli



