Polşada Azərbaycan diasporunun yerli təhsil müəssisələri və diplomatik nümayəndəliklərlə əlaqələrinin genişləndirilməsi istiqamətində yeni təşəbbüslər həyata keçirilir.
Elpress.az xəbər verir ki, Krakovda fəaliyyət göstərən “Xarıbülbül” Dünya Azərbaycanlılarının Mədəniyyət Assosiasiyası ilə Krakov Milli Təhsil Komissiyası Universitetinin Pedaqogika İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənədə Assosiasiyanın İdarə Heyətinin sədri Sedat Şamilli, institutun direktoru professor Jan Rys və universitetin Fənlərarası Tədqiqatlar və Multikultural Təhsil kafedrasının rəhbəri professor Lukasz Albanski imza atıblar.
Razılaşma çərçivəsində elmi və mədəni tədbirlərin təşkili, birgə tədqiqatların aparılması, tələbələr üçün təcrübə və könüllülük imkanlarının yaradılması, eləcə də multikultural təhsilin təşviqi nəzərdə tutulur. Tərəflərin akademik qurumlarla qeyri-hökumət təşkilatları arasında əlaqələri genişləndirməsi və birgə layihələr həyata keçirməsi də əməkdaşlığın əsas istiqamətlərindəndir.
Diasporun fəaliyyətində diplomatik nümayəndəliklərlə əlaqələrin inkişafı da diqqət mərkəzindədir. Azərbaycanın Polşaya yeni təyin olunmuş səfiri Fuad İsgəndərovun Krakovdakı Azərbaycan Evinə səfəri zamanı icmanın fəaliyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Görüşdə Azərbaycan Evinin həyata keçirdiyi layihələr, milli-mədəni irsin qorunması və təbliği, həmçinin səfirliklə diaspor təşkilatları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər gələcək təşəbbüslər üçün mövcud imkanlardan istifadə edilməsinin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, bu cür tərəfdaşlıqlar xaricdə yaşayan azərbaycanlıların yerli akademik və ictimai mühitlə əlaqələrinin genişlənməsinə, milli-mədəni dəyərlərin beynəlxalq səviyyədə tanıdılmasına şərait yaradır.


