Azərbaycanda “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb. Sənəddə vəkillər üçün əlavə öhdəliklər, o cümlədən ildə azı 30 saat ödənişsiz hüquqi xidmət göstərilməsi tələbi nəzərdə tutulur.
Elpress.az xəbər verir ki, qanun layihəsinin əsas məqsədi pulsuz hüquqi yardım almaq hüququ olan şəxslərin keyfiyyətli xidmətlə təmin edilməsi, bu sahənin hüquqi, təşkilati və iqtisadi əsaslarının müəyyənləşdirilməsidir.
Layihəyə əsasən, pulsuz hüquqi yardım ilkin və peşəkar olmaqla iki formada göstəriləcək. İlkin yardım vətəndaşların hüquq və vəzifələri barədə məlumatlandırılmasını, ərizə və şikayətlərin hazırlanmasına köməklik göstərilməsini əhatə edəcək. Peşəkar yardım isə cinayət işləri üzrə müdafiə və təmsilçilik, mülki və inzibati mübahisələrdə məhkəmə təmsilçiliyi, eləcə də qanunda göstərilən digər hüquqi xidmətləri əhatə edəcək.
Pulsuz hüquqi yardım almaq hüququ olan şəxslər sırasına şəhid ailələrinin üzvləri, müharibə veteranları, insan alveri və məişət zorakılığı qurbanları, yetkinlik yaşına çatmayanlar, qaçqın statusu almış şəxslər, valideyn himayəsindən məhrum olanlar, korrupsiya faktları barədə məlumat verən şəxslər və digər kateqoriyalar daxil edilir. Həmçinin hüquqi xidmət haqqını ödəməyə imkanı olmayan aztəminatlı şəxslər, ünvanlı sosial yardım alan ailələrin üzvləri, işləməyən əlilliyi olan şəxslər və işsiz kimi qeydiyyata alınan vətəndaşlar da bu hüquqdan yararlana biləcəklər.
Layihədə “pro bono” hüquqi xidmət anlayışı da təsbit olunur. Buna əsasən, vəkillər qanunda nəzərdə tutulan şəxslərə ictimai fayda naminə ildə azı 30 saat ödənişsiz hüquqi yardım göstərməlidirlər. Bu tələb yerinə yetirilmədikdə, göstərilməyən hər saat üçün Vəkillər Kollegiyasına 18 manat ödəniş edilməsi nəzərdə tutulur.
Pulsuz hüquqi yardımın təşkili Vəkillər Kollegiyasına həvalə olunur. Kollegiya bu xidməti göstərən şəxslərin reyestrini aparacaq. Vətəndaşlar yardım üçün şəxsən, poçt və ya elektron qaydada müraciət edə biləcəklər.
Müraciətlərə sənədlərin qeydiyyata alındığı tarixdən yeddi iş günü ərzində baxılması, çatışmazlıqlar aşkarlandıqda isə ərizəçiyə iki iş günü ərzində məlumat verilməsi təklif olunur. İmtina qərarından Vəkillər Kollegiyasına və ya məhkəməyə şikayət etmək mümkün olacaq.
Qanun layihəsində pulsuz hüquqi yardımın dövlət büdcəsi hesabına maliyyələşdirilməsi, vəkilin müəyyən hallarda dəyişdirilməsi, eləcə də yardım alan şəxsin sonradan bu hüququ itirməsinin başlanmış iş üzrə xidmətin dayandırılmasına səbəb olmaması kimi müddəalar da yer alıb.


