Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Fikrət Cəfərova müəssisə rəhbərinin vəzifələrinin müvəqqəti icrası həvalə olunub. Bu qərar onun barəsində bir neçə həftə əvvəl intizam tənbehi tətbiq edildiyi barədə yayılan məlumatdan sonra diqqət çəkib.
Elpress.az xəbər verir ki, Yeniçağ.az-ın yaydığı məlumata görə, oktyabrın 8-də TƏBİB-in o zamankı icraçı direktoru Anar Bayramovun əmri ilə Fikrət Cəfərova sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Bildirilib ki, qərar qurumun Daxili nəzarət və monitorinq departamentinin araşdırması zamanı aşkarlanan əmək və icra intizamı pozuntuları ilə əlaqədar qəbul edilib.
Məlumata əsasən, TƏBİB-in icraçı direktorunun vəzifəsini müvəqqəti icra edən Bahadur Rzayevin oktyabrın 29-da imzaladığı əmrlə Fikrət Cəfərova Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsinin icrası həvalə olunub. Bu səlahiyyət noyabrın 17-dək nəzərdə tutulub.
Məsələ ilə bağlı TƏBİB-in açıqlaması da yayılıb. Qurum bildirib ki, Fikrət Cəfərov direktor vəzifəsinə təyin edilməyib, xidməti zərurətlə əlaqədar həmin vəzifənin icrası müvəqqəti olaraq ona tapşırılıb.
Xatırladaq ki, Anar Bayramov oktyabrın 19-da TƏBİB-in icraçı direktoru vəzifəsindən azad edilərək səhiyyə naziri təyin olunub. İcraçı direktorun vəzifələrinin müvəqqəti icrası isə Bahadur Rzayevə həvalə edilib.


