Azərbaycan və Hindistan arasında siyasi, iqtisadi-ticari və texnoloji əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı səfərlərin artırılması müzakirə olunub.
Elpress.az xəbər verir ki, oktyabrın 23-də Prezident İlham Əliyev Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib.
Görüşdə hindistanlı nazir Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını dövlət başçısına çatdırıb. O, səfərinin Narendra Modinin tapşırığı əsasında baş tutduğunu bildirərək, Bişkekdə Azərbaycan Prezidenti ilə Hindistanın Baş naziri arasında keçirilən görüşü xatırladıb.
İlham Əliyev də öz növbəsində Hindistanın dövlət başçısına və hökumət rəhbərinə salamlarını çatdırmağı xahiş edib. O, Bişkekdəki təmasları müsbət qiymətləndirərək, xarici işlər nazirinin səfərinin ikitərəfli münasibətlərin vəziyyətini və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək baxımından əhəmiyyətini vurğulayıb.
Tərəflər beynəlxalq gündəlikdə duran məsələlər, o cümlədən Qlobal Cənub ölkələrini maraqlandıran mövzular barədə də fikir mübadiləsi aparıblar. Siyasi dialoqun dərinləşdirilməsi ilə yanaşı, iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, mədəniyyət və humanitar sahələrdə əlaqələrin inkişafı imkanları nəzərdən keçirilib.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və biznes nümayəndə heyətlərinin təmaslarının intensivləşdirilməsinin vacibliyi də qeyd olunub.


