Bakı Avrasiya Universiteti ilə Türkiyənin OSTİM Texniki Universiteti arasında elmi və akademik əlaqələrin inkişafına dair razılıq əldə olunub.
Elpress.az xəbər verir ki, Ankarada keçirilən görüşdə hər iki ali təhsil müəssisəsinin rektorları — dosent Səyavuş Qasımov və professor Murat Yülek əməkdaşlıq memorandumu imzalayıblar. Görüşdə BAAU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva da iştirak edib.
Sənəd universitetlər arasında tələbə və müəllim mübadiləsini, birgə tədqiqatların aparılmasını, elmi nəşrlərin paylaşılmasını və beynəlxalq layihələrdə birgə iştirakı əhatə edir. Tərəflər, həmçinin konfrans, seminar və simpoziumlar keçirməyi, akademik heyət üçün təlimlər təşkil etməyi və tələbələrin təcrübə imkanlarını genişləndirməyi planlaşdırırlar.
BAAU-nun rektoru Səyavuş Qasımov əldə olunan razılaşmanın universitetin beynəlxalq tərəfdaşlıqlarının inkişafına töhfə verəcəyini bildirib. Onun sözlərinə görə, əməkdaşlıq hər iki ali məktəbin elmi potensialından daha səmərəli istifadə etməyə və yeni birgə təşəbbüslər həyata keçirməyə imkan yaradacaq.


