Azərbaycanla Türkiyə arasındakı münasibətlərin qarşılıqlı hörmət və etimad əsasında inkişaf etdirilməsi gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri kimi vurğulanıb.
Elpress.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovun Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşünə dair səfirliyin “X” sosial şəbəkə hesabında yayılan məlumatda bildirilib.
Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətindəki mövqeyi və dəstəyi Dövlət Bağçalıya çatdırılıb. MHP sədrinin türk dünyasında birlik və həmrəyliyin gücləndirilməsi istiqamətindəki səylərinin Azərbaycanda rəğbətlə qarşılandığı qeyd olunub.
Dövlət Bağçalı Prezident İlham Əliyevin diqqətinə görə minnətdarlığını ifadə edib və ona salamlarını çatdırmağı xahiş edib. O, Azərbaycanın hər zaman yanında olduğunu vurğulayaraq iki ölkə arasındakı əlaqələrin bundan sonra da bərabərhüquqlu tərəfdaşlıq və qardaşlıq prinsipləri əsasında inkişaf edəcəyinə inamını bildirib.
Görüşdə Azərbaycan-Türkiyə həmrəyliyinin qorunmasının və möhkəmləndirilməsinin bütün türk dünyasının gələcəyi baxımından strateji əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.


