Kürdəmir rayonunda avtomobil təmiri və texniki xidmət sahəsində fəaliyyət göstərəcək yeni klaster müəssisə istifadəyə verilib.
Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Atakişili kəndində yaradılan müəssisə “PeşəCar” layihəsi çərçivəsində təşkil olunub. Burada özünüməşğulluq proqramı üzrə avtomobil təmiri istiqamətində aktivlərlə təmin edilmiş şəxslərin bir məkanda fəaliyyət göstərməsi nəzərdə tutulur.
Müəssisədə avtomobillərin rənglənməsi, təmizlənməsi, təmiri, çilingər xidmətləri, razval işləri, eləcə də şinlərin bərpası və təmiri həyata keçiriləcək.
Açılış mərasimində Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə bildirilib ki, layihənin əsas məqsədlərindən biri özünüməşğulluq proqramı iştirakçılarının qurduğu bizneslərin daha dayanıqlı fəaliyyət göstərməsinə şərait yaratmaq, onların gəlirlərinin artırılmasına və peşəkar fəaliyyətlərinin genişləndirilməsinə dəstək olmaqdır.
Qeyd edək ki, “PeşəCar” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunur. Layihə üzrə ilk klaster müəssisə ötən il Oğuz rayonunda fəaliyyətə başlayıb.




