Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllim və digər təhsilverənlərin geyimi ilə bağlı yeni tələblər müəyyənləşdirilib.
Elpress.az xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar məktəblərdə işgüzar geyim mədəniyyətinin formalaşdırılmasını və bu sahədə vahid yanaşmanın tətbiqini nəzərdə tutur.
Yeni tələblərə əsasən, təhsilverənin geyimi onun gündəlik pedaqoji fəaliyyətinə mane olmamalı, şagirdlərin diqqətini yayındırmamalı və məktəb mühitinə uyğun olmalıdır. Geyim vasitəsilə şagirdlərdə müxtəlif situasiyalara uyğun geyim seçimi və üsluba düzgün münasibətin formalaşdırılması da nəzərə alınır.
Qaydalarda geyimin mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda olması tələb edilir. Həmçinin təhsilverənin geyimi ümumi təhsilin dünyəvilik prinsipinə uyğun seçilməlidir.
Pedaqoji fəaliyyətin xüsusiyyətlərinə və şagirdlərin yaş qruplarına uyğun olmayan, eləcə də müəyyən edilmiş işgüzar geyim çərçivəsindən kənara çıxan geyim və elementlərdən istifadəyə icazə verilmir.
Bu tələblər yalnız dərs prosesi ilə məhdudlaşmır. Müəllimlər məktəbdə əmək funksiyalarını yerinə yetirərkən, eləcə də təhsil müəssisəsini təmsil etdikləri rəsmi və təntənəli tədbirlər zamanı müəyyən edilmiş qaydalara əməl etməlidirlər.
Milli-mədəni tədbirlər isə istisna təşkil edir. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə Pedaqoji Şuranın qərarı əsasında milli geyimdən və ya onun ayrı-ayrı elementlərindən istifadə edilə bilər.
Xüsusi olaraq qeyd olunur ki, yeni qaydalar müəllimlər üçün vahid məktəbli forması tətbiq etmir. Burada əsas məqsəd təhsilverənlərin geyimində müəyyən edilmiş dress-kod prinsiplərinə riayət olunmasıdır.
Gözləntilərə görə, işgüzar geyim tələblərinin tətbiqi məktəbdə peşəkar mühitin və ümumi korporativ mədəniyyətin formalaşmasına da təsir göstərə bilər.


