Uşaqlarda onkoloji xəstəliklərin müalicəsi ilə yanaşı, onların psixoloji vəziyyətinə və ailə mühitinə də diqqət yetirilməlidir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu məsələləri Səmərqənddə keçirilən beynəlxalq konqresdə diqqətə çatdırıb.
Elpress.az xəbər verir ki, Leyla Əliyeva “Uşaqların rifahına investisiya” Ümumdünya Sammiti çərçivəsində təşkil olunan Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresin açılışında çıxış edib.
O, uşaqlarda xərçəng xəstəliyinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, mütəxəssislərin və təşkilatların səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıb. Leyla Əliyeva bildirib ki, müalicə sahəsində əldə olunan nailiyyətlərə baxmayaraq, xəstə uşaqların və onların ailələrinin dəstəklənməsi istiqamətində birgə fəaliyyət davam etməlidir.
Çıxışında Azərbaycandakı təcrübəyə də toxunan Heydər Əliyev Fondunun vitse-prezidenti ölkədə bu sahəyə diqqət yetirildiyini qeyd edib. Onun sözlərinə görə, 2012-ci ilin martında Milli Onkologiya Mərkəzinin nəzdində regionda ilk uşaq onkoloji klinikası fəaliyyətə başlayıb. O, həmçinin onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara tibbi yardımın dövlət tərəfindən maliyyələşdirildiyini və ailələrə dəstəyin əhəmiyyətini vurğulayıb.
Leyla Əliyeva uşaq xərçəngi ilə mübarizə üzrə koalisiyanın yaradılması təşəbbüsünü də mühüm addım kimi qiymətləndirib. O bildirib ki, bu sahədə yalnız tibbi müalicə deyil, uşaqların emosional sağlamlığı da nəzərə alınmalıdır.
Çıxışda stressin, emosional sarsıntıların və ailədaxili mühitin uşaqların sağlamlığına mümkün təsirlərinin araşdırılmasının vacibliyi qeyd olunub. Leyla Əliyevanın fikrincə, uşaqların sevgi, anlayış və psixoloji dəstəklə əhatə olunması onların həyat keyfiyyətinin qorunmasının mühüm hissəsidir.
Konqresin açılışında Özbəkistan Prezident Administrasiyasında səhiyyə islahatları üzrə rəhbər müavini Tamila Əliyeva, Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova və Qırğızıstanın səhiyyə naziri Damirbek Osmonov da çıxış ediblər.


