Naxçıvanda Cəlil Məmmədquluzadənin Ev-Muzeyinin fondu Azərbaycan satirik mətbuatının tarixini əks etdirən nadir nəşrlə zənginləşib. Muzeyə 1915-ci ilə aid “Məzəli” jurnalının toplu nüsxəsi təqdim olunub.
Elpress.az xəbər verir ki, eksponat “AnewZ” telekanalının quruluşçu rejissoru Elnur Məmmədov tərəfindən qorunaraq muzeyə hədiyyə edilib.
1914–1915-ci illərdə nəşr olunan “Məzəli” jurnalı dövrün ədəbi mühitini, ictimai düşüncəsini və mətbuat ənənələrini öyrənmək baxımından əhəmiyyətli mənbələrdəndir. Nəşrin naşiri və ilk redaktoru jurnalist-publisist Haşım bəy Vəzirov olub. Jurnalın ilk sayı 1914-cü il dekabrın 27-də Bakıda çap edilib, nəşrin fəaliyyəti isə 1915-ci ilin oktyabrında başa çatıb. Ümumilikdə 42 nömrəsi işıq üzü görüb.
Jurnalın səhifələrində satirik şeirlər, felyetonlar, məqalələr, xəbərlər və müxtəlif mövzularda yazılar dərc olunub. Tanınmış rəssam Əzim Əzimzadənin karikaturaları ilə yanaşı, Cəfər Cabbarlı, Əliqulu Qəmküsar və Əli Nazminin əsərləri də nəşrin məzmununu zənginləşdirib.
Muzeyə verilən cilddə 1915-ci ilin fevral-sentyabr aylarında çap olunmuş 30 nömrə birləşdirilib. Nadir nəşrin fonda daxil edilməsi Azərbaycan satirik mətbuatının irsinin qorunması və gələcək tədqiqatlar üçün əhəmiyyət daşıyır.


