Böyük Britaniyanın Edinburq Universitetində azərbaycanlı tələbələr ölkəmizin Müstəqilliyinin Bərpası Gününə həsr olunan tədbir keçiriblər.
Elpress.az xəbər verir ki, Azərbaycan Tələbə Cəmiyyətinin təşkil etdiyi görüşdə universitetin tələbələri ilə yanaşı, Qlazqodan gələn qonaqlar da iştirak ediblər.
Tədbirdə cəmiyyətin prezidenti Akif Hüseynov 18 Oktyabrın Azərbaycanın dövlətçilik tarixindəki yeri barədə təqdimatla çıxış edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 1920-ci ildə müstəqilliyin itirilməsi, 20 Yanvar faciəsi və 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına aparan tarixi proseslərdən danışıb.
Proqram çərçivəsində iştirakçılara Azərbaycanın mədəni irsi, muğam sənəti, xalçaçılıq ənənələri, milli mətbəxi və təbiəti haqqında da məlumat verilib.
Görüş intellektual yarışla davam edib. Komandalar Azərbaycanla bağlı sualların yer aldığı “Nə? Harada? Nə zaman?” oyununda biliklərini sınayıb, qaliblər mükafatlandırılıblar. Sonda təşkil olunan çay süfrəsi ətrafında iştirakçılar ünsiyyət quraraq fikir mübadiləsi aparıblar.
Tədbir Böyük Britaniyada Azərbaycanın tarix və mədəniyyətinin tanıdılmasına, eləcə də xaricdə təhsil alan azərbaycanlı gənclər arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edib.


