Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən istifadə şərtləri yenilənib. Oktyabrın 1-dən qüvvəyə minən dəyişikliklər mənzil əldə etmək istəyən vətəndaşların müraciət imkanlarını tənzimləyir, eləcə də mexanizmdə şəffaflığın artırılmasını hədəfləyir.
Elpress.az xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondunun məlumatına əsasən, bundan sonra kirayəçi müqavilə bağlandıqdan sonra ən azı 3 il keçdikdə öz öhdəliyini başqa şəxsə ötürə biləcək. Öhdəliyini ötürən şəxslər isə bu mexanizmdən yenidən yararlanmaq üçün 5 il gözləməli olacaqlar.
Yenilənmiş şərtlərə görə, müraciət zamanı Fondun vəsaiti hesabına verilmiş aktiv ipoteka krediti olmayan borcalanlar da bu imkan üçün müraciət edə biləcəklər. Kredit tarixçəsi ilə bağlı tələb də dəqiqləşdirilib: yalnız kredit göstəriciləri “müsbət” və ya “qənaətbəxş” qiymətləndirilən şəxslər mexanizmdən faydalana biləcəklər.
Qaydalar mənzilə ehtiyacı olan vətəndaşların bu imkandan daha əlçatan şəkildə yararlanması, proseslərin şəffaflaşdırılması və sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır. Əlavə məlumat almaq istəyənlər Fondun 1549 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Satmaq öhdəliyi ilə kirayə mexanizmi Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli fərmanına uyğun olaraq tətbiq edilir. Fondun məlumatına görə, 2020–2026-cı illərdə Bakı, Sumqayıt və Abşeron rayonunda 17 ünvanda yerləşən yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təqdim olunub, indiyədək 10 mindən çox kirayə müqaviləsi bağlanıb.


