Tərtər rayonunda xurma yığımı davam edir. Seydimli kəndində fəaliyyət göstərən iri bağçılıq təsərrüfatlarından birində mövsüm ərzində 2 500 ton məhsulun toplanması nəzərdə tutulur.
Elpress.az xəbər verir ki, rayonda ümumilikdə 845,7 hektar ixracyönümlü xurma bağı mövcuddur. Meyvə və giləmeyvə bağlarının ümumi sahəsi isə 2 584,4 hektara çatır.
Rayonun kənd təsərrüfatı müəssisələrindən olan “Tərtər 1” MMC-nin Seydimli kəndindəki təsərrüfatında indiyədək 200 ton xurma yığılaraq Rusiya bazarlarına göndərilib. Müəssisə məhsul tədarükünü mövsümün sonunadək davam etdirməyi planlaşdırır.
Ümumi əkin sahəsi 98 hektar olan təsərrüfatda xurma ilə yanaşı nektarin və şaftalı da yetişdirilir. Bağların salınmasına 3,8 milyon manat vəsait yatırılıb. Müəssisədə 14 nəfər daimi, 80 nəfər isə mövsümi işlə təmin olunub.
Təsərrüfatda suvarma prosesinin səmərəliliyini artırmaq üçün avtomatlaşdırılmış damlama sistemi quraşdırılıb. Bundan əlavə, su ehtiyatının qorunması və bitkilərin suya tələbatının ödənilməsi məqsədilə 130 min kubmetr tutumu olan süni göl yaradılıb.
Rayonda intensiv bağçılığın genişləndirilməsi kənd təsərrüfatı istehsalının artırılması və ixrac imkanlarının inkişafı baxımından əhəmiyyət daşıyır. 2026–2030-cu illər üçün nəzərdə tutulan aqrar inkişaf proqramı da müasir bağçılığın genişləndirilməsini və ixracyönümlü istehsalın artırılmasını hədəfləyir.


