Azərbaycanın tanınmış rəssamı Fərhad Xəlilov 80 illik yubileyi ərəfəsində ölkənin ali dövlət təltiflərindən biri ilə mükafatlandırılıb.
Elpress.az xəbər verir ki, oktyabrın 23-də Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Qurban oğlu Xəlilova “İstiqlal” ordenini təqdim edib. Sənətkar Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi böyük xidmətlərə görə bu ordenlə təltif olunub.
1946-cı il oktyabrın 26-da Bakıda anadan olan Fərhad Xəlilov Azərbaycan rəssamlıq sənətinin tanınmış nümayəndələrindəndir. Onun yaradıcılığında Abşeronun təbiəti, sahil mənzərələri və yarımadanın yaşayış məntəqələri xüsusi yer tutur.
Fərhad Xəlilov 1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqına rəhbərlik edir. Sənətkar müxtəlif illərdə “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenləri ilə də təltif olunub.


