Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə yeni müraciətlərin qəbulu sabahdan müvəqqəti dayandırılacaq.
Elpress.az xəbər verir ki, müraciətlərin bərpa olunacağı tarix barədə daha sonra ictimaiyyətə məlumat veriləcək.
Qərarın son dövrlərdə müraciətlərin sayının kəskin artması ilə əlaqədar qəbul edildiyi bildirilir. Hazırda elektron sistemə hər gün 100-dən çox müraciət daxil olur.
Mövcud vəziyyətdə görüş vaxtı təyin edilən şəxslərin sayı seçim üçün əlçatan olan mənzillərin sayını əhəmiyyətli dərəcədə üstələyib. Fasilənin əsas məqsədi müraciətlərin daha operativ və şəffaf şəkildə işlənməsi, vətəndaşların mənzil seçimi prosesinin daha səmərəli təşkil edilməsi və elektron sistemin funksionallığının artırılmasıdır.
Artıq sistemdə qeydiyyatdan keçmiş müraciətlər isə dayandırılmadan təsirlənməyəcək. Görüş tarixi müəyyənləşdirilən şəxslər bildirişdə göstərilən vaxtda müraciətlərini rəsmiləşdirə biləcəklər.
Hazırda 12 mindən çox vətəndaşın şəxsi kabinetinə görüş günü ilə bağlı bildiriş göndərilib.
Qeyd edək ki, 2020-ci ildən etibarən Bakı, Sumqayıt və Abşeron ərazisində satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 10 mindən çox müqavilə rəsmiləşdirilib.


