Görkəmli xalçaçı-rəssam və Xalq rəssamı Lətif Kərimovun 120 illik yubileyi münasibətilə Avstriyanın paytaxtı Vyanada Azərbaycan xalçalarından ibarət xüsusi sərgi təşkil olunub.
Elpress.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzi və “Azərxalça” ASC-nin birgə təşkil etdiyi sərgidə milli xalçaçılıq sənətinin müxtəlif üslub və kompozisiyalarını əks etdirən nümunələr nümayiş etdirilib.
Ekspozisiyada həm klassik xalça nümunələrinə, həm də “Azərxalça”nın gənc rəssamlarla əməkdaşlığı çərçivəsində hazırlanan müasir əsərlərə yer verilib. “Naxçıvan”, “Qarabağ”, “Quba”, “Bakı”, “Zağlı”, “Bulud Şuşa”, “Cənnət narı” və digər xalçalar ziyarətçilərə təqdim olunub.
Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova sərginin Azərbaycan xalçaçılığının zəngin irsinin Avstriya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov isə milli xalçaçılıq ənənələrinin beynəlxalq səviyyədə tanıdılmasının və müxtəlif mədəniyyətlər arasında əlaqələrin inkişafının vacibliyini qeyd edib.
Sərgidə təqdim olunan əsərlər Azərbaycan xalçasının yalnız dekorativ sənət nümunəsi olmadığını, xalqın tarixi yaddaşını, estetik baxışlarını və nəsildən-nəslə ötürülən sənətkarlıq ənənələrini özündə yaşatdığını nümayiş etdirib.
Tədbir “Muzeylərin uzun gecəsi” layihəsi çərçivəsində də davam etdirilib. Ziyarətçilər xalça toxuma prosesi ilə tanış olmaqla yanaşı, bu sənətə praktiki şəkildə qoşulmaq imkanı əldə ediblər. Toxuculuq prosesində iştirak edənlərə xüsusi sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Lətif Kərimovun 120 illik yubileyinin qeyd edilməsi barədə Prezident İlham Əliyev tərəfindən bu il aprelin 30-da Sərəncam imzalanıb. Görkəmli sənətkar Azərbaycan xalçaçılığının tədqiqi, inkişafı və təbliğində mühüm xidmətlər göstərib.


