“Cahan Holding”in Marketinq Departamentinə yeni rəhbər təyin olunub.
Elpress.az xəbər verir ki, bu vəzifəyə marketinq sahəsində uzunmüddətli təcrübəyə malik Müşviq İskəndərov gətirilib.
2008-ci ildən peşəkar fəaliyyət göstərən Müşviq İskəndərov müxtəlif şirkət və qurumlarda marketinq istiqamətində rəhbər və məsul vəzifələrdə çalışıb.
O, son təyinatından əvvəl “Cahan Holding”ə daxil olan “ENNA”, “Cahan Sənaye Kompleksi” və “Cahan İnşaat” şirkətlərində marketinq direktoru kimi fəaliyyət göstərib.
İskəndərovun fəaliyyəti dövründə müxtəlif marketinq layihələri də həyata keçirilib. “ENNA”nın “BUZZ Cola” brendi ilə bağlı kampaniyaları, “BE Group” brendinin formalaşdırılması və “Cahan İnşaat”ın “Tarixin mərkəzində” sloqanı ilə təqdim etdiyi layihə onun rəhbərlik etdiyi marketinq işləri arasında yer alıb.
Qeyd edək ki, “Cahan Holding” 1995-ci ildən fəaliyyət göstərən şirkətlər qrupudur. Holdingin strukturuna 22 əsas və bir neçə törəmə şirkət daxildir. Qrup avtomobil, istehsal, tikinti, ticarət, turizm və digər sahələrdə fəaliyyət göstərir.


