Paytaxtın daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində oktyabr ayı ərzində nəzərəçarpacaq bahalaşma qeydə alınıb.
Elpress.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) məlumatına görə, Bakı üzrə torpaqların orta qiyməti ötən ay 17,9 faiz yüksəlib.
Ən yüksək artım Səbail rayonunda qeydə alınıb. Bu ərazidə torpaq sahələri 29,1 faiz bahalaşıb. Yasamalda artım 27,1, Nəsimidə 24,5, Nizamidə 22,3 faiz təşkil edib.
Digər rayonlarda da qiymət artımı müşahidə olunub. Xəzərdə torpaq sahələri 20,2, Nərimanovda 19,7, Xətaidə 16,5, Binəqədidə 14,9, Sabunçuda 12,3, Suraxanıda 11,2, Pirallahıda 8,6, Qaradağda isə 8 faiz bahalaşıb.
AQC bildirir ki, daşınmaz əmlak bazarında qiymət dəyişikliklərinə ərazinin yerləşməsi, torpağın xüsusiyyətləri, tələb və təklif nisbəti, eləcə də alıcı davranışları təsir göstərir. Rayonlar üzrə orta göstəricilər hesablanarkən ərazilərin bazardakı payı və əhali amili də nəzərə alınıb.


