8 Noyabr – Zəfər Günü münasibətilə xarici ölkələrin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubları ünvanlamaqda davam edirlər.
Elpress.az xəbər verir ki, Pakistan Prezidenti Asif Əli Zərdari, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud, vəliəhd şahzadə Məhəmməd bin Salman, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, TÜRKPA-nın Baş katibi Ramil Həsən və ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik dövlət başçısına təbriklərini çatdırıblar.
Pakistan Prezidenti Asif Əli Zərdari məktubunda 44 günlük Vətən müharibəsində əldə olunan Qələbəni Azərbaycan xalqının əzmkarlığının və birliyinin ifadəsi kimi qiymətləndirib. O, azad edilmiş ərazilərdə aparılan bərpa işlərini də ölkənin gələcək inkişafına yönəlmiş mühüm fəaliyyət kimi qeyd edib. Pakistan dövlət başçısı iki ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da genişlənəcəyinə əminliyini bildirib.
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd şahzadə, Baş nazir Məhəmməd bin Salman da Prezident İlham Əliyevi Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik ediblər. Onlar Azərbaycan rəhbərinə möhkəm cansağlığı, ölkəmizə isə inkişaf və rifah arzulayıblar. Məktublarda iki dövlət arasındakı qardaşlıq əlaqələrinin əhəmiyyəti xüsusi vurğulanıb.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova təbrikində Azərbaycanın Qələbəsini bütün Türk dünyası üçün ortaq qürur və həmrəylik hadisəsi adlandırıb. O, Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə, tarixi-mədəni irsin bərpasına diqqət çəkib. Raimkulova Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə həyata keçirilən təşəbbüslərin də regional əməkdaşlığa töhfə verdiyini bildirib.
TÜRKPA-nın Baş katibi Ramil Həsən isə məktubunda Zəfər Gününü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə bağlı tarixi hadisə kimi səciyyələndirib. O, ölkəmizin Türk dünyasında birlik və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi istiqamətindəki rolunu qeyd edərək Prezidentə təşəkkürünü ifadə edib.
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik də təbrik məktubunda Azərbaycan xalqına sülh, sabitlik və firavanlıq arzulayıb. O, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını və Prezident İlham Əliyevlə görüşünü xatırladaraq, Azərbaycanla təşkilat arasında təhsil, mədəni irsin qorunması və sivilizasiyalararası dialoq sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Təbrik məktublarında Azərbaycanla dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə, ölkəmizə sülh və tərəqqi arzularına xüsusi yer verilib.


