Azərbaycan cüdo millisinin dünya çempionatındakı çıxışı davam edir. 90 kiloqram çəki dərəcəsində bürünc medal qazanan Murad Fətiyev qarşıdakı yarış günlərində də Azərbaycan millisindən yeni medallar gözlədiyini bildirib.
Elpress.az xəbər verir ki, Fətiyev jurnalistlərə açıqlamasında Bakıda keçirilən mundialın yüksək rəqabət şəraitində keçdiyini deyib. Onun sözlərinə görə, milli komanda çempionata uzunmüddətli və ciddi hazırlıqla gəlib.
Cüdoçu qeyd edib ki, komanda 5-6 ay ərzində xüsusi hazırlıq prosesi keçib və idmançıların çıxışından razıdır. Fətiyev qarşıdakı günlərdə Azərbaycan yığmasının medal sayını artıracağına ümid etdiyini vurğulayıb.
Bürünc medal uğrunda görüşdə serbiyalı Nemanya Maydovu məğlub edən idmançı üçün bu uğurun şəxsi əhəmiyyəti də böyük olub. O bildirib ki, atası da vaxtilə cüdo ilə məşğul olub və onun ən böyük arzularından biri oğlunu dünya mükafatçısı kimi görmək olub.
Fətiyev tatamiyə çıxarkən atasını düşündüyünü və qazandığı nəticənin onun üçün xüsusi məna daşıdığını söyləyib.


