Azərbaycan və Litva arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişafı istiqamətində növbəti görüşlər keçirilib. Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub.
Elpress.az xəbər verir ki, səfər Azərbaycan və Litva müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq təşkil edilib.
Nümayəndə heyətinin proqramına Azərbaycanın şəhidlərinin xatirəsinin yad edilməsi də daxil olub. Qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirən şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.
Səfər çərçivəsində Milli Müdafiə Universitetində, eləcə də universitetin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitut və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə görüşlər keçirilib.
Görüşlər zamanı Azərbaycanda hərbi təhsilin təşkili, hərbi qulluqçuların və mütəxəssislərin hazırlanması, tədris prosesinin qurulması, həmçinin təhsilalanların peşəkar hazırlığının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Tərəflər hərbi təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib, maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Səfərin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub. Proqram Cəmşid Naxçıvanski adına Hərbi Liseyin orkestrinin ifasında nümayiş etdirilən nümunəvi çıxışla yekunlaşıb.


