Azərbaycan xalçaçılığının qədim ənənələri müasir səhnə sənəti ilə bir araya gətirilib. Bakıdakı Milli Xalça Muzeyində “Tarixə toxunuş” adlı sərginin təqdimatı keçirilib.
Elpress.az xəbər verir ki, oktyabrın 7-də açılan ekspozisiya Bakıda keçirilən cüdo üzrə Dünya Çempionatının açılış mərasimi üçün xüsusi olaraq hazırlanıb və oktyabrın 11-dək davam edəcək.
Sərgidə dizayner-modelyer Ləman Süleymanovanın xalçaçılıq sənətinin zəngin irsindən ilhamlanaraq hazırladığı səkkiz səhnə geyimi nümayiş olunur. Layihədə ənənəvi xalça elementləri müasir dizayn həlli ilə birləşdirilib.
Geyimlərin yaradılmasında muzeyin kolleksiyasında qorunan XIX-XX əsrlərə aid xalçalardan da istifadə olunub. Xalçaların naxış və rəng xüsusiyyətləri dizaynerin təfsirində yeni bədii forma qazanaraq ənənə ilə müasirliyin vəhdətini ortaya qoyub.
Ləman Süleymanovanın sözlərinə görə, layihənin əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin zənginliyini qadın obrazları üzərindən ifadə etmək olub. Dizayner xüsusilə Qarabağ xalçalarının naxışlarından ilhamlandığını vurğulayıb.
Muzeyin elmi katibi Xədicə Əsədova isə cüdo ilə xalçaçılığın ilk baxışda fərqli sahələr olduğunu, lakin hər iki istiqaməti iradə, səbir, çeviklik və mükəmməlliyə can atmaq kimi xüsusiyyətlərin birləşdirdiyini bildirib.
Sərginin kuratoru Əsmər Abdullayeva, Azərbaycan Cüdo Federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülkər Abbasova, Xədicə Əsədova və Ləman Süleymanova açılış mərasimində çıxış ediblər.
Bildirilib ki, layihə üzərində hazırlıq işləri təxminən üç ay davam edib. Səkkiz art-obyektin hazırlanmasında əl əməyindən, ənənəvi xalça motivlərindən ilhamlanan fərdi çap və naxış nümunələrindən istifadə olunub.
Ekspozisiyada həmçinin cüdo üzrə dünya çempionatının açılış mərasimindən foto və videomateriallar nümayiş etdirilir.


