Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı saxlanılan MMA idmançısı Elmar Cəfərovun idman karyerasına dair məlumatlar yayılıb.
Elpress.az xəbər verir ki, Cəfərov 2015-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionatının qalibi olub. O, 2018-ci ildə isə Bakıda təşkil olunan Budo əlbəyaxa döyüş növü üzrə dünya kubokunu qazanıb.
Hadisə ilə əlaqədar Cəfərovla yanaşı, “Sabunçu Emin” ləqəbi ilə tanınan Emin Rəhimov da saxlanılıb. Məlumata görə, hər iki şəxs qəsdən adam öldürməkdə şübhəli bilinir.
Mətbuatda yayılan məlumatlara əsasən, münaqişənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edib. Onun da daxil olduğu ümumilikdə 9 nəfər hadisə ilə əlaqədar müxtəlif əməllərə görə saxlanılıb.
Qeyd edək ki, öldürülən Ceyhunun ətrafında “Ceyhun Sabunçu” adı ilə tanındığı bildirilir. İş üzrə araşdırma davam edir.


