Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda nümayiş olunan “Turandot” operasının premyerasından görüntülər paylaşıb.
Elpress.az xəbər verir ki, Cakomo Puççininin məşhur əsəri oktyabrın 24-də Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında tamaşaçılara göstərilib.
Tamaşada Azərbaycanın Xalq artisti, tenor Yusif Eyvazov Kalaf obrazını canlandırıb. Turandot rolunu isə italyan soprano Karmen Cannattazio ifa edib. Dirijor pultu arxasında italiyalı Beatriçe Venezi olub.
Yeni səhnə quruluşu Azərbaycanda 98 ildən sonra yenidən təqdim edilən “Turandot” operasının Bakının səhnəsi üçün xüsusi hazırlanması ilə diqqət çəkib. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı isə Mustafa Mustafayevdir.
Qeyd edək ki, operanın dünya premyerası 1926-cı ildə Milandakı “La Skala” teatrında keçirilib. Bakı tamaşaçıları əsəri ilk dəfə 1928-ci ildə izləyiblər. Budəfəki quruluşda üç premyera axşamı üçün fərqli solist heyətləri və dirijorlar nəzərdə tutulub.


