Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral vəzifəsindən ayrıldığını təsdiqləyib. O, qərarın Azərbaycanla bağlı açıqlamaları ilə əlaqəli olub-olmadığı barədə suala da cavab verib.
Elpress.az xəbər verir ki, türk jurnalist Talat Atilla Saralla telefon danışığı zamanı onun vəzifədən azad edilib-edilmədiyini soruşub.
Saral ayrıldığını təsdiqləyərək bildirib: “Bəli. Biz vəzifələrdə daimi deyilik. Hörmətli Prezidentimiz məni vəzifəyə gətirdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”.
Atillanın bu qərarın Azərbaycanla bağlı açıqlamalarına görə verilib-verilmədiyi barədə sualına isə Saral “Bəli, elə görünür” cavabını verib.
O, açıqlamasının davamında Türkiyə Cümhuriyyətinin və Prezidentin uğurunun daha vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, Saralın vəzifədən ayrılması ilə bağlı xəbərlər oktyabrın 25-də Türkiyə mediasında yayılıb. Onun Azərbaycanda məktəblərdə hicablı şagirdlərin təhsil hüququ ilə bağlı müzakirələrə münasibət bildirməsi də son günlər gündəmdə olub. Saralın vəzifədən ayrılmasının məhz bu açıqlamalarla bağlı olduğu barədə rəsmi əsaslandırma açıqlanmayıb.


