Azərbaycanlı media rəhbəri Aqil Ələsgər Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən beynəlxalq jurnalistlər toplantısında təltif olunub. O, Türk dünyasında media əməkdaşlığının inkişafına və Azərbaycan-Qırğızıstan mətbuat əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə fəxri üzvlüyə qəbul edilib və medalla mükafatlandırılıb.
Elpress.az xəbər verir ki, “Yeni Çağ” Media Qrupunun rəhbəri və Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgərə mükafatlar Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə keçirilən Türk Dünyası Qırğızıstan Jurnalistlər Çalıştayı çərçivəsində təqdim olunub. Tədbir Yusuf Balasaqun adına Qırğız Milli Universitetində baş tutub.
Qırğızıstan Jurnalistlər Birliyinin sədri İlyasbek Baltaşev Aqil Ələsgərə birliyin fəxri üzvlük vəsiqəsini və “Ən yaxşı jurnalist” medalını təqdim edib.
Baltaşev bildirib ki, 20 ildən artıqdır fəaliyyət göstərən birlik tarixində ilk dəfə xarici ölkədən olan jurnalistləri təltif edir. Onun sözlərinə görə, bu addım türk xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə, ortaq dəyərlərin təbliğinə və media nümayəndələri arasında peşəkar əməkdaşlığın genişləndirilməsinə verilən qiymətdir.
Birlik sədri Azərbaycan və Qırğızıstanın media qurumları arasında birbaşa əlaqələrin artırılmasının əhəmiyyətini də vurğulayıb. O qeyd edib ki, qarşılıqlı informasiya mübadiləsi, birgə media layihələri və jurnalistlərin təcrübə paylaşması iki ölkənin ictimaiyyətinin bir-birini daha yaxından tanımasına şərait yaradır.
Türk dünyasının media nümayəndələri də mükafatlandırılıb
Tədbir çərçivəsində Aqil Ələsgərlə yanaşı, Türk Dünyası Jurnalistlər Federasiyasının təmsilçisi Menderes Demir, TİMBİR-in sədri Süleyman Basa, Türkiyə Jurnalistlər Federasiyasının sədri Yılmaz Karaca, Qazaxıstan Jurnalistlər Birliyinin təmsilçisi Bayan Ramazanova, İstanbul Jurnalistlər Federasiyasının təmsilçisi Adil Koçalan və Özbəkistan Jurnalistlər Birliyinin üzvü Holmurod Salimov da medalla təltif olunub və fəxri üzvlüyə qəbul ediliblər.
Qeyd edək ki, Aqil Ələsgər ötən ay Qazaxıstana səfəri zamanı da mükafata layiq görülüb. O, Türk dünyasında media və vətəndaş cəmiyyətinin inkişafına, eləcə də dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Kəməl Tokayev adına “Kəməl Ata Kəməngər” ordeni ilə təltif olunub.
Türk dünyasının media qurumları arasında belə təşəbbüslər jurnalistlər arasında əlaqələrin genişlənməsi, ortaq informasiya layihələrinin inkişafı və ölkələr arasında qarşılıqlı məlumat mübadiləsinin güclənməsi baxımından əhəmiyyət daşıyır..


