Xəzər dənizinin sahilboyu ərazilərində müşahidə olunan köpüklənmənin səbəbi araşdırılır. Məsələnin aydınlaşdırılması üçün sudan nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib.
Qurumun əməkdaşları köpüklənmə qeydə alınan əraziyə baxış keçirib və götürülən nümunələri Mərkəzi Laboratoriyaya təqdim ediblər.
Xidmətin məlumatına görə, analizlərin nəticələri açıqlanandan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Hazırda köpüklənmənin nədən qaynaqlandığı barədə rəsmi nəticə yoxdur. Suyun tərkibinə dair laborator müayinələrin yekunları səbəbin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.


