Səudiyyə Ərəbistanının cənubunda hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən ballistik raketlərin qalıqları yaşayış məntəqələrinə düşüb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Elpress.az xəbər verir ki, krallığın Mülki Müdafiə İdarəsinin məlumatına görə, hadisələr Xamis-Muşayt və Əhəd-Rufeydə bölgələrində qeydə alınıb.
Yaralananlardan biri Səudiyyə Ərəbistanı vətəndaşı, digəri isə Asiya ölkələrindən birinin vətəndaşıdır. Raket qalıqlarının düşməsi üç yaşayış binasına və yeddi avtomobilə də maddi ziyan vurub.
Rəsmi məlumatda raketlərin Yəməndə fəaliyyət göstərən husilər tərəfindən buraxıldığı bildirilib. Mülki Müdafiə qüvvələri hadisə yerlərində müvafiq tədbirlər həyata keçirib.
Qeyd edək ki, raketlərin havada zərərsizləşdirilməsindən sonra onların qalıqlarının yaşayış ərazilərinə düşməsi mülki şəxslər və əmlak üçün təhlükə yarada bilər.


