İranın Ali Rəhbəri Müctəba Xamenei ABŞ-la mövcud münaqişənin dialoq yolu ilə həlli üçün hökumətə müvafiq səlahiyyətlər verib.
Elpress.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian IRNA agentliyinə açıqlamasında bildirib.
Pezeşkian vilayət qubernatorları və iri şəhərlərin merləri ilə görüşündə ölkədəki çətinliklərin və böhranların vətəndaşların dəstəyi və əməkdaşlığı ilə aradan qaldırılmasına çalışdıqlarını qeyd edib.
Prezidentin sözlərinə görə, yaranmış problemlərin həlli üçün dialoq yoluna üstünlük verilir və bu istiqamətdə Ali Rəhbər hökumətə lazımi səlahiyyətləri verib.
Qeyd edək ki, son günlər ABŞ-ın İrana mümkün nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar da gündəmə gəlib. Jurnalist Taker Karlson mümkün hədəflərdən biri kimi Külüng dağının adını çəkib. O, İsrail kəşfiyyatının məlumatlarında İranın həmin ərazidə uranın zənginləşdirilməsi proqramını bərpa edə biləcəyi ehtimalının yer aldığını bildirib. Bu iddialar rəsmi təsdiqini tapmayıb.


