Almaniya və İrlandiyada Halloween bayramı zamanı uşaqlara paylanan şirniyyatların içərisindən iynə, mismar və digər metal əşyalar aşkarlanıb. Hadisələrlə bağlı polis araşdırmalara başlayıb.
Elpress.az xəbər verir ki, Almaniyanın müxtəlif bölgələrində uşaqların bayram zamanı topladığı şokolad və konfetlərin içərisində iti metal əşyalar aşkar edilib. Bəzi hallarda şirniyyatlara iynə və vintlərin yerləşdirildiyi bildirilir.
Almaniyada qeydə alınan hadisələrdən birində Bremervörde şəhərində 9 yaşlı qız iynə olan şokoladı dişləyərkən dilindən xəsarət alıb. Digər hallarda isə uşaqlar təhlükəli əşyaları vaxtında aşkar edərək udmaqdan yayınıblar.
İrlandiyanın Doneqal qraflığında da Halloween zamanı uşaqlara paylanan şirniyyatlardan tikiş iynələri və sancaq tapılıb. Ballybofey və Stranorlar ərazilərində iki ailə belə hallarla qarşılaşdıqlarını bildirib. Hadisələr nəticəsində xəsarət alan olmadığı qeyd olunur.
Hər iki ölkədə hüquq-mühafizə orqanları araşdırma aparır. Hadisələrin arxasında duran şəxslər və mümkün əlaqələr hələ müəyyən edilməyib.
Polis valideynlərə uşaqların topladığı şirniyyatları diqqətlə yoxlamağı, qablaşdırmada deşik və zədələrə, eləcə də yad cisimlərə diqqət yetirməyi tövsiyə edib. Şübhəli məhsulların yeyilməməsi, qablaşdırması ilə birlikdə saxlanılaraq polisə təqdim edilməsi məsləhət görülür.


