Bu gün, oktyabrın 29-da Türkiyədə Cümhuriyyət Bayramı qeyd olunur. Bayram Türkiyə dövlətinin idarəçilik formasının respublika elan edilməsinin ildönümüdür.
Elpress.az xəbər verir ki, 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisində Konstitusiyaya dəyişiklik edilərək ölkənin idarəetmə forması respublika kimi təsbit olunub. Həmin gün Mustafa Kamal Paşa yeni dövlətin ilk prezidenti seçilib.
Cümhuriyyətin elanından əvvəl, oktyabrın 13-də Ankara ölkənin paytaxtı müəyyən edilib. Respublika quruluşuna keçid Türkiyənin İstiqlal müharibəsindən sonra dövlət idarəçiliyində baş verən əsas tarixi dəyişikliklərdən biri olub.
29 Oktyabr Cümhuriyyət Bayramı 1925-ci ildən etibarən Türkiyənin milli bayramı kimi qeyd edilir. Hər il ölkə daxilində və xaricdəki Türkiyə nümayəndəliklərində bu tarixə həsr olunan mərasimlər keçirilir.


