Azərbaycanın Bestcomp Group şirkəti CISCO-nun METAC regionu üzrə “Mass Scale Infrastructure Partner of the Year” (“İlin genişmiqyaslı infrastruktur tərəfdaşı”) mükafatına layiq görülüb.
Elpress.az xəbər verir ki, mükafat oktyabrın 26–29-da Kanadanın Vankuver şəhərində keçirilən CISCO Partner Summit 2026 tədbirində təqdim olunub. Sammitdə dünyanın aparıcı İKT şirkətlərinin 1000-dən çox nümayəndəsi iştirak edib.
Mükafat Bestcomp Group-un Müşahidə Şurasının sədri Rauf Həsənova CISCO-nun METAC regionu üzrə vitse-prezidenti və baş meneceri Shane Heraty, regional rəhbərləri Abdelilah Nejjari və Ossama Eldeeb, eləcə də Türkiyə, Qafqaz və Mərkəzi Asiya üzrə tərəfdaşlarla iş rəhbəri Nazlı Özçevik tərəfindən təqdim edilib.
Rauf Həsənov bildirib ki, beynəlxalq sammitdə bu mükafata layiq görülmək şirkət və Azərbaycan üçün qürurverici hadisədir. Onun sözlərinə görə, region üzrə mükafat alan iki şirkətdən birinin Azərbaycanı təmsil etməsi ölkənin İKT sahəsindəki potensialının beynəlxalq səviyyədə tanınmasını göstərir. Həsənov uğura görə strateji tərəfdaş CISCO-ya, sifarişçilərə və şirkətin komandasına təşəkkür edib.
32 illik fəaliyyət təcrübəsinə malik Bestcomp Group dövlət və özəl sektor üçün informasiya-kommunikasiya texnologiyaları sahəsində həllər təqdim edir. Şirkət beynəlxalq texnologiya istehsalçıları ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda və xarici bazarlarda infrastruktur layihələri həyata keçirir.


