Bakının Yasamal rayonundakı 225 nömrəli tam orta məktəbdə Real TV-nin çəkiliş qrupunun hücuma məruz qaldığı bildirilir. İnsident zamanı telekanalın operatorunun xəsarət aldığı qeyd olunur.
Elpress.az xəbər verir ki, “Bakuaz Xəbər”in yaydığı məlumata görə, jurnalistlər oktyabrın 28-də məktəbin VII sinif şagirdinin pəncərədən yıxılması ilə bağlı hadisəni işıqlandırmaq üçün əraziyə gediblər.
İddia olunur ki, məktəbin həyətində qarovulçunun təkidindən sonra bir qrup şəxs çəkiliş qrupuna hücum edib. Nəticədə operator müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisədən sonra telekanalın əməkdaşları Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət ediblər. Paylaşımda insidentin nəzarətə götürüldüyü və jurnalistlərə qarşı qanunsuz hərəkətlərdə iştirak edən şəxslərlə bağlı tədbirlər görüldüyü bildirilir.
Qeyd edək ki, həmin gün məktəbin VII sinif şagirdi dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq həyatını itirib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi hadisə ilə bağlı araşdırma aparıldığını açıqlayıb. Məktəbdə şagirdlərə psixoloji dəstək göstərilməsi üçün də mütəxəssislər cəlb olunub.


