Avropa Şurası Baş katibinin xüsusi nümayəndəsi İrene Kitsou Azərbaycanın təşkilatla uzun illərdir davam edən əməkdaşlığını və dinlərarası dialoqun təşviqinə verdiyi töhfəni yüksək qiymətləndirib.
Elpress.az xəbər verir ki, o, bu fikirləri Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunan “Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi” adlı tədbirdə səsləndirib.
Kitsou bildirib ki, Azərbaycanın konstitusiya ənənələri, birgəyaşayış və dinlərarası dialoq prinsipləri cəmiyyətin əsas dəyərləri sırasındadır. O, Avropa Şurasının Baş katibinin Xüsusi Nümayəndəsinin Ofisinə Azərbaycanın göstərdiyi dəstəyi də xüsusi vurğulayıb.
Xüsusi nümayəndə xatırladıb ki, Azərbaycanın təşəbbüsü ilə 2022-ci ildə bir qrup nüfuzlu dini nümayəndə Ramazan ayında Bakıda keçirilən tədbirdə iştirak edib. Onun sözlərinə görə, bu cür təşəbbüslər dinlərarası dialoqun inkişafına töhfə verir.
İrene Kitsou dini dözümsüzlüyün antisemitizm, anti-müsəlman nifrəti və digər formalarına qarşı mübarizədə hüquqi mexanizmlərlə yanaşı, dialoqun da vacibliyini qeyd edib. O, rəqəmsal mühitdə dini nifrətin qarşısının alınmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.
Kitsou həmçinin Avropa Şurasının 46 üzv dövlətinin iştirak etdiyi hüquqi mexanizmlərin bu sahədə əməkdaşlıq üçün imkanlar yaratdığını bildirib. BMT-nin Sivilizasiyalar Alyansı, milli nümayəndələr və dini icmalarla birgə fəaliyyətin əhəmiyyətini də vurğulayıb.


