Çində saxlanılan və Azərbaycanda ağır cinayət törətməkdə ittiham olunan Rüstəm İbrahimov ölkəyə ekstradisiya edilib.
Elpress.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Azərbaycan vətəndaşı Rüstəm Hüseyn oğlu İbrahimov 2025-ci ildə Bakı şəhərində birgə yaşadığı mənzildə həyat yoldaşına bıçaqla xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunur. İş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə əlaqələndirilir.
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun xətti ilə beynəlxalq axtarışa verilən şəxs Çində müəyyən edilərək saxlanılıb. Azərbaycan və Çin arasında 2005-ci il martın 17-də imzalanmış təslimetmə müqaviləsi çərçivəsində aparılan müraciət və danışıqlardan sonra onun ölkəyə qaytarılması barədə razılıq əldə olunub.
Oktyabrın 28-də Azərbaycana gətirilən İbrahimov məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Ədliyyə Nazirliyi beynəlxalq axtarışda olan şəxslərin ölkəyə qaytarılması istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.


