Azərbaycan və Gürcüstanın müdafiə qurumlarının ictimaiyyətlə əlaqələr və strateji kommunikasiya sahəsində əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.
Elpress.az xəbər verir ki, Bakıda Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi ilə Gürcüstan Müdafiə Nazirliyinin Strateji Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr Departamentinin nümayəndələri arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan Müdafiə Nazirliyinin informasiya və kommunikasiya fəaliyyəti, rəsmi sosial media platformalarının idarə olunması və vətəndaş müraciətləri ilə bağlı görülən işlər barədə təqdimatlar keçirilib.
Həmçinin Vətən müharibəsi və sonrakı döyüş əməliyyatları zamanı ictimaiyyətin operativ məlumatlandırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi və dezinformasiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
Tərəflər strateji kommunikasiyaların təşkili və informasiya fəaliyyətinin müxtəlif istiqamətləri üzrə təcrübə mübadiləsi aparıb, hərbi informasiya sahəsində gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Gürcüstan nümayəndə heyəti səfər çərçivəsində Hərbi Nəşriyyat, “Azərbaycan Ordusu” qəzetinin redaksiyası və Multimedia Mərkəzinin fəaliyyəti ilə də tanış olub.


