--:--:-- | 24 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Ömər Eldarov: “Sənətdə ən vacib prinsip səmimiyyətdir”

Aysel Əlibəyli 22 Avqust 2026 · 16:27 1044 baxış

Azərbaycan heykəltəraşlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Ömər Eldarov yaradıcılığı boyu daş və tuncda Azərbaycanın tarixini, yaddaşını və görkəmli şəxsiyyətlərinin obrazlarını yaşadıb. Onun yaratdığı abidələr yalnız sənət nümunəsi deyil, həm də gələcək nəsillərə ötürülən mənəvi yaddaşdır.

Uzun illər sənətə və pedaqoji fəaliyyətə həsr etdiyi yaradıcılıq yolunda Ömər Eldarov üçün bir prinsip dəyişməz qalıb: sənət ürəkdən gəlməlidir. Elə müsahibəmizdə də sənətə baxışından, yaratdığı heykəllərdən, Natəvan obrazından, xarici ölkələrdə ucaltdığı abidələrdən və gələcək nəsillərə ötürmək istədiyi hisslərdən danışdı.

– Siz daşdan və tuncdan tarix yaradan sənətkarsınız. Bəs Ömər Eldarov üçün heykəl nədir – sənət, tarix, yoxsa yaddaş?

Ömər Eldarov: Mənim üçün heykəl sənəti hər şeydir. O, həm sənətdir, həm tarixdir, həm də yaddaşdır. Heykəltəraşlıq mənim həyatımın ayrılmaz hissəsidir.

– Uzun illər müəllimlik etmisiniz. Gənc heykəltəraşlara ən vacib öyrətdiyiniz prinsip nə olub?

Ömər Eldarov: Sənətdə ən vacib prinsip səmimiyyətdir. Hər şey ürəkdən gəlməlidir. Sənətkar yaratdığı əsərə öz hissini, düşüncəsini və ruhunu verməlidir. Ürəkdən gəlməyən sənət insanın qəlbinə də toxuna bilməz.

– Sənətkar kimi tanınmağınızla yanaşı, Milli Məclisin deputatı da olmusunuz. Siyasət və sənət arasında hansı oxşarlığı görürdünüz?

Ömər Eldarov: Siyasətlə sənətin heç bir oxşarlığı yoxdur. Bunlar ayrı-ayrı şeylərdir. Sənət tamam başqa aləmdir, siyasət isə tamam başqa.

– Sədrəddin Ayni, İbn Sina, Atatürk, İhsan Doğramacı kimi xarici ölkələrdə abidələrini yaratdığınız şəxsiyyətlər olub. Başqa ölkədə Azərbaycan sənətkarı kimi abidə yaratmaq sizdə hansı hissləri doğururdu?

Ömər Eldarov: Bu, məni çox qürurlandırıb, mənə böyük stimul verib. Başqa ölkədə Azərbaycan sənətkarı kimi belə əsərlər yaratmaq məni çox xoşbəxt edib. Bu işlər mənim üçün həm böyük məsuliyyət, həm də qürur mənbəyi olub.

– Əgər yaratdığınız heykəllərdən biri bu gün canlanıb qarşınızda dayansaydı, ilk olaraq ona hansı sualı verərdiniz?

Ömər Eldarov: Qadın çox vacib bir varlıqdır. Qadınlar gözəldirlər. Əgər yaratdığım heykəllərdən biri canlanıb qarşımda dayansaydı, xüsusilə Natəvana deyərdim: “Sən necə də gözəlsən!”

– Bu gün müasir heykəltəraşlıqda sizi ən çox narahat edən və ya düşündürən nədir?

Ömər Eldarov: Heykəl yaratmaq ürəkdən gəlməlidir. Sənətkar əsərini ürəkdən işləməlidir. Ürəkdən yaradılmayan əsər gözəl alınmır. Bu da məni narahat edən məsələlərdən biridir.

– Heykəlini yaratdığınız şəxsiyyətlərdən hansı sizi yaradıcılıq baxımından daha çox düşündürüb?

Ömər Eldarov: Natəvan. Onun əsəri mənim ilk işim olub. Natəvanın heykəlini yaradarkən onun obrazı üzərində çox düşünmüşəm. Bu əsər mənim üçün xüsusi əhəmiyyət daşıyırdı.

– Bir insanın xarakterini daşda necə “danışdırmaq” mümkündür?

Ömər Eldarov: Əvvəlcə insanın xarakterini bilmək lazımdır. Onu tanıdıqdan, xarakterini və xüsusiyyətlərini dərk etdikdən sonra həmin insana uyğun əsər yaratmalısan. Heykəltəraş üçün insanın xarakterini düzgün ifadə etmək çox vacibdir.

– Sizcə, gələcək nəsillər Ömər Eldarovun əsərlərinə baxanda Azərbaycan haqqında nə hiss etməlidirlər?

Ömər Eldarov: İnanıram ki, gələcək nəsillər mənim əsərlərimə baxanda oradakı səmimiyyəti hiss edəcəklər. Mənim üçün sənətdə ən vacib olan da budur. Əsər ürəkdən yaradılıbsa, onun hissi gələcək nəsillərə də çatır.

Müəllif: Əlibəyli Aysel

Elpress.az

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kəlbəcər–Laçın yolunda işlərin yarıdan çoxu tamamlanıb

Next Article

Yaponiyada 5,9 maqnitudalı zəlzələ baş verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədrini qarşıladı

Aysel Əlibəyli 04 Avqust 2026 · 12:44 1032 baxış Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Xarici İşlər üzrə Federal Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassisi qəbul edib. Elpress.az xəbər verir ki, […]