Azərbaycan–Ermənistan sülh prosesində yeni mərhələ, Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar, ABŞ və Rusiyanın regiondakı rolu, İranla münasibətlər, Orta Dəhlizin yaratdığı imkanlar və Azərbaycanın çoxvektorlu xarici siyasəti son dövrün əsas müzakirə mövzularındandır.
Bu və digər məsələləri Milli Məclisin deputatı, professor, politoloq Elman Nəsirovla müzakirə etdik. Müsahibimiz Azərbaycanın yeni dünya nizamında mövqeyini, qarşıdakı dövrdə üzləşə biləcəyi geosiyasi çağırışları və ölkəmizin regional güc kimi artan rolunu dəyərləndirib.
– Cənab Nəsirov, Azərbaycan–Ermənistan sülh prosesində artıq əvvəlki mərhələdən fərqli reallıq yaranıb. Sizcə, sülh sazişinin imzalanmasından sonra Azərbaycan Ermənistanla münasibətlərdə ən böyük güzəşti nədə edə bilər, Ermənistan isə Azərbaycana hansı real güzəşti etməlidir?
Elman Nəsirov: 2025-ci il 8 avqust tarixində Vaşinqton razılaşmaları çərçivəsində Azərbaycan və Ermənistan arasında 17 bənddən ibarət sülh sazişinin mətni paraflanıb. Hazırda əsas məsələ onun imzalanması üçün qalan maneələrin aradan qaldırılmasıdır. Bu baxımdan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi mühüm addım olardı.
Eyni zamanda, iki ölkə arasında etimad mühitinin möhkəmləndirilməsi istiqamətində artıq ciddi addımlar atılır, birbaşa təmaslar qurulur və iqtisadi əlaqələr genişlənir.
Azərbaycanın mövqeyi dəyişməzdir: biz sülh istəyirik və bu istiqamətdə atdığımız addımları güzəşt kimi qiymətləndirmirik. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edib və qalib dövlət kimi sülh prosesinə konstruktiv yanaşır. Ermənistanın isə real güzəşti Azərbaycana qarşı ərazi iddialarından tam imtina etmək və bununla sülhün hüquqi-siyasi əsaslarını möhkəmləndirmək olardı.
-Siz dəfələrlə yeni dünya nizamından danışırsınız. Bu gün Azərbaycan eyni anda Rusiya, ABŞ, Türkiyə, İran və Avropa ilə münasibətlər qurur. Sizcə, bu çoxvektorlu siyasətin ən böyük riski nədir — Azərbaycanın hansısa güc mərkəzi ilə münasibətlərdə seçim etməyə məcbur qalması mümkündürmü?
Elman Nəsirov: Dünyada yeni dünya nizamı və yeni təhlükəsizlik arxitekturası formalaşır. Azərbaycan bu prosesləri fəal şəkildə izləyir və həm Rusiya, ABŞ, Türkiyə, İran, həm də Avropa ölkələri ilə münasibətlərini inkişaf etdirir. Bu, Azərbaycanın müstəqil və çoxvektorlu siyasətinin göstəricisidir.
Azərbaycan nüfuzlu güc mərkəzləri ilə münasibətlərində bərabər məsafə saxlamağı bacarır. Məsələn, Rusiya ilə münasibətlərin inkişafı ABŞ və Avropaya, ABŞ və Avropa ilə əlaqələrin gücləndirilməsi isə Rusiyaya qarşı yönəlmir. Eyni yanaşma İranla münasibətlərə də aiddir.
Bu siyasətin əsas məqsədi Azərbaycanın milli maraqlarını qorumaqdır. Azərbaycan hər hansı böyük dövlətin və ya beynəlxalq təşkilatın “qanadları altına sığınmadan” müstəqil siyasət yürüdür. Bu, asan yol deyil, lakin ölkəmizin milli maraqları baxımından ən doğru və şərəfli yoldur.
-ABŞ-ın Cənubi Qafqazda artan rolu fonunda Azərbaycan üçün Vaşinqton daha çox strateji tərəfdaşdır, yoxsa bölgədə öz maraqlarını həyata keçirən böyük güc?
Elman Nəsirov: ABŞ-ın Cənubi Qafqazda rolu və maraqları artır. Bu baxımdan Vaşinqton üçün Azərbaycan strateji əhəmiyyət daşıyan ölkələrdən biridir. Təsadüfi deyil ki, tərəflər arasında strateji tərəfdaşlıq istiqamətində mühüm addımlar atılıb və burada qarşılıqlı maraqlar üst-üstə düşür.
Azərbaycan üçün də ABŞ çox mühüm strateji tərəfdaşdır. ABŞ kimi qlobal güclə siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi milli maraqlarımıza uyğundur. Eyni zamanda, Azərbaycan bu əməkdaşlığı heç bir üçüncü dövlətə qarşı yönəltmir və belə bir niyyət daşımır.
Azərbaycanın yerləşdiyi geosiyasi mövqe, təbii resursları və regiondakı rolu da onu Vaşinqton üçün əhəmiyyətli tərəfdaşa çevirir. Buna görə də Azərbaycan–ABŞ münasibətlərini qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq kimi qiymətləndirmək daha doğru olar.
-Azərbaycan–Ermənistan sülhü reallaşsa, sizcə, regionda əsas geosiyasi rəqiblik Azərbaycan–Ermənistan xəttindən çıxıb Rusiya–Qərb qarşıdurmasına çevrilə bilərmi? Azərbaycan belə bir qarşıdurmanın ortasında necə davranmalıdır?
Elman Nəsirov: Azərbaycan–Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə iki ölkə arasındakı uzunmüddətli rəqabətin aradan qalxacağına inanırıq. Bundan sonra regionda Rusiya–Qərb rəqabətinin daha qabarıq şəkildə özünü göstərməsi mümkündür.
Azərbaycan belə bir qarşıdurmanın tərəfinə çevrilməməli, beynəlxalq hüquq normalarına və milli maraqlarına əsaslanan müstəqil siyasətini davam etdirməlidir. Bizim həm Rusiya, həm də Qərb ölkələri ilə münasibətlərimiz var və bu münasibətləri bir-birinə qarşı qoymuruq.
Azərbaycanın əsas məqsədi hər hansı geosiyasi qarşıdurmada tərəf olmaq deyil, öz milli maraqlarını qorumaq və regionda sabitliyə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verməkdir. Bu baxımdan ölkəmizin balanslı və müstəqil xarici siyasəti mühüm üstünlükdür.
-Azərbaycan son illərdə Orta Dəhlizin əsas oyunçularından birinə çevrilməyə çalışır. Əgər Orta Dəhliz uğurlu alınarsa, bu, Azərbaycanın sadəcə iqtisadi deyil, siyasi çəkisini də ciddi şəkildə artıra bilərmi?
Elman Nəsirov: Orta Dəhliz Azərbaycan üçün həm iqtisadi, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Çindən gələn yüklərin Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan və Türkiyə üzərindən Avropaya daşınması bu marşrutun üstünlüklərini artırır.
Zəngəzur dəhlizinin reallaşması isə Orta Dəhlizin imkanlarını daha da genişləndirə bilər. Bu marşrutun uğurlu fəaliyyəti Azərbaycanın yalnız iqtisadi deyil, siyasi çəkisini də artıracaq. Çünki iqtisadi güc Azərbaycanın siyasi müstəqilliyini və beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirən əsas amillərdən biridir.
-İranla Azərbaycan münasibətlərində son dövrdə müəyyən yaxınlaşma müşahidə olunur. Amma İranın Ermənistanla münasibətləri və regiondakı geosiyasi maraqları nəzərə alınanda, Bakı Tehranla münasibətlərdə nə qədər ehtiyatlı olmalıdır?
Elman Nəsirov: Azərbaycan üçün İranla münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır və Bakı–Tehran əlaqələrinin strateji xarakteri Azərbaycanın qonşu dövlətlərlə münasibətlər siyasətindən irəli gəlir.
Müəyyən dövrlərdə gərginliklər və İranda Ermənistanla münasibətlərin inkişafında maraqlı olan siyasi dairələr olsa da, son dövrdə yüksək səviyyəli təmaslar münasibətlərdə müsbət dinamikanın yarandığını göstərir.
Azərbaycan–Ermənistan sülhünün əldə olunması regiondakı proseslərə, o cümlədən İranın Azərbaycan və Ermənistanla münasibətlərinə də müsbət təsir göstərə bilər. Hesab edirəm ki, Azərbaycanla münasibətlərin yüksək səviyyədə saxlanılması İranın da milli maraqlarına uyğundur.
-Rusiya–Ukrayna müharibəsi hələ də dünya siyasətinin əsas problemlərindən biridir. Sizcə, müharibədən sonra Rusiyanın Cənubi Qafqazdakı əvvəlki təsir imkanları bərpa oluna bilər, yoxsa artıq regionda geri dönməz şəkildə yeni geosiyasi reallıq yaranıb?
Elman Nəsirov: Rusiya–Ukrayna müharibəsi Rusiyanın iqtisadi və siyasi imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib. Müharibədən sonra Rusiyanın postsovet məkanındakı siyasətinin necə dəyişəcəyi nəticələrdən asılı olacaq.
Lakin hazırkı proseslər Rusiyanın Cənubi Qafqazdakı əvvəlki təsir imkanlarını bərpa etməsinin çətin olduğunu göstərir. Ermənistanın Moskva ilə münasibətlərində atdığı addımlar da bunun göstəricisidir. Hesab edirəm ki, müharibədən sonra Rusiyanın regionda mövqelərinin güclənməsindən daha çox, zəifləməsi ehtimalı yüksəkdir. Azərbaycan isə müstəqil və balanslı siyasətini davam etdirəcək.
-Bir deputat kimi sizə daha çox seçicilər hansı problemi çatdırırlar? Xarici siyasətdə Azərbaycanın mövqeyi kifayət qədər güclü görünsə də, daxildə insanların sosial problemləri — bahalıq, gəlirlər, mənzil və məşğulluq məsələləri — gündəmdədir. Sizcə, dövlətin növbəti mərhələdə əsas prioriteti nə olmalıdır?
Elman Nəsirov: Biz mütəmadi olaraq seçicilərlə görüşür və onların problemlərinin həlli üçün aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edirik. Ən çox müraciət olunan məsələlər arasında sərhəd kəndlərinin mavi qazla təminatı, məşğulluq, sosial problemlər, yolların çəkilməsi və asudə vaxtın təşkili kimi məsələlər var.
Hesab edirəm ki, növbəti mərhələdə sosial məsələlərin həlli, xüsusilə məşğulluğun artırılması və vətəndaşların işlə təmin olunması əsas prioritetlərdən olmalıdır. Dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının sosial rifahı dayanır və bu istiqamətdə görülən işlərin davam etdirilməsi vacibdir.
-Siz həm alim, həm də deputatsınız. Politoloq Elman Nəsirovla deputat Elman Nəsirovun hansı məsələdə fikirləri üst-üstə düşmür? Yəni siyasi reallıq sizi elmi baxımdan düşündüyünüz hansısa fikirdən geri çəkilməyə məcbur edibmi?
Elman Nəsirov: Mən həm professor, həm də xarici siyasət üzrə mütəxəssis kimi uzun illər peşəkar fəaliyyət göstərmişəm. Deputatlıq fəaliyyətimdə də məsələlərə mümkün qədər elmi və analitik yanaşmağa çalışıram.
Hesab edirəm ki, alim Elman Nəsirovla deputat Elman Nəsirovun baxışları arasında ziddiyyət yoxdur. Əksinə, elmi yanaşma siyasi fəaliyyətim üçün əlavə üstünlük yaradır. Deputatlıq fəaliyyəti isə elmi baxışlarımı daha geniş auditoriyaya çatdırmağa imkan verir. Elmlə siyasətin bu harmoniyası hadisələri daha düzgün təhlil etməyə və mövqeyimi əsaslandırmağa kömək edir.
-Əgər sizə desəydilər ki, Azərbaycanın qarşıdakı 5 ildə xarici siyasətdə yalnız bir strateji hədəf seçmək hüququ var — Ermənistanla tam sülh, ABŞ və Qərblə daha sıx inteqrasiya, Türk dünyasında liderlik, yoxsa Orta Dəhliz üzərindən regional güc olmaq — hansını seçərdiniz və niyə?
Elman Nəsirov: Mən bu variantlardan yalnız birini seçməzdim. Çünki Ermənistanla tam sülh, Qərblə daha sıx əməkdaşlıq, Türk dünyasında liderlik və Orta Dəhliz üzərindən regional güc olmaq bir-birindən ayrı məqsədlər deyil, qarşılıqlı şəkildə bir-birini tamamlayan istiqamətlərdir.
Azərbaycan üçün əsas strateji hədəf müstəqil siyasət yürütmək və milli maraqları qorumaqdır. Bu siyasətin əsasında Heydər Əliyevin siyasi kursu dayanır və Prezident İlham Əliyev bu xətti uğurla davam etdirir.
Hesab edirəm ki, müstəqil və milli maraqlara əsaslanan siyasət davam etdirildiyi təqdirdə, sadaladığımız bütün istiqamətlər üzrə Azərbaycanın uğur qazanması mümkündür.
Müsahibə üçün təşəkkür edirik. Elman Nəsirovun fikirlərində də vurğulandığı kimi, Azərbaycanın qarşıdakı dövrdə əsas hədəfi dəyişən geosiyasi reallıqlar fonunda müstəqil siyasətini qorumaq, milli maraqlarını təmin etmək və regionda sülh və əməkdaşlığa töhfə verməkdir.
Aysel Əlibəyli


