FIFA prezidenti Canni İnfantino Bakıda keçirilən U-15 Dünya Çempionatı və Festivalının ilk oyun günündə Hövsan Yarış Kompleksində olub.
Elpress.az xəbər verir ki, səfərdə turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov, AFFA prezidenti Rövşən Nəcəf və assosiasiyanın rəsmiləri də iştirak ediblər. Onlar kompleksdə yaradılmış şəraitlə tanış olub, qarşılaşmaları izləyiblər.
Günün proqramına Hövsan Yarış Kompleksində ümumilikdə 92 oyunun keçirilməsi daxildir.
Oktyabrın 22-dən 30-dək davam edəcək yarış ilk dəfə təşkil olunur. Turnir müxtəlif FIFA üzvü olan assosiasiyaları təmsil edən gənc futbolçuları Bakıda bir araya gətirir.
Çempionatın ilk günü axşam saatlarında “Baku Crystal Hall”da rəsmi açılış mərasimi ilə davam edəcək. Daha sonra Azərbaycan millisi Şərqi Timor yığması ilə qarşılaşacaq.
Turnirin əsas məqsədi gənc futbolçuların inkişafına dəstək vermək, beynəlxalq təcrübə mübadiləsini genişləndirmək və futbolun qlobal miqyasda inkişafına töhfə verməkdir.


