Əvvəlcə bir məsələni aydınlaşdırmaq istəyirəm: burada söylədiklərim mənim uzun illər müdafiə etdiyim istiqlal məfkurəsindən geri çəkilmək, yaxud onu mədəni islahatçılıqla əvəz etmək demək deyil. Mənim üçün milli istiqlal xalqın öz taleyini müəyyən etmək hüququ, milli iradəsinin azad ifadəsi və öz dili, mədəniyyəti, tarixi üzərində sahiblik hüququdur. Mədəni fəaliyyət isə bu məqsədin alternativi deyil, onun mənəvi və ictimai təməllərini qoruyan vasitələrdən biridir. Siyasi mübarizənin hansı şəraitdə və hansı formada aparılmasından asılı olmayaraq, istiqlal düşüncəsinin yaşaması üçün milli özünüdərk, dil və tarixi yaddaş qorunmalıdır. Vasitələrin dəyişməsi məqsədin dəyişməsi demək deyil.
Mənim fikrimcə, belə bir şəraitdə milli kimliyin, dil və mədəniyyətin, tarixi şüurun qorunmasına yönəlmək uzunmüddətli əhəmiyyət daşıyır. Tarix göstərir ki, siyasi dəyişikliklər çox vaxt cəmiyyətin mədəni və ictimai özünüdərk baxımından güclənməsindən sonra baş verir. İnsanlar öz dillərini, ədəbiyyatlarını, tarixlərini və kollektiv yaddaşlarını tanıdıqca, cəmiyyət daxilində özünəinam və təşkilatlanma qabiliyyəti də artır.
Xüsusilə bugünkü gərgin şəraitdə insanlar siyasi fəaliyyətdən çəkinə bilərlər. Bu, təhlükəsizlik hissinin zəif olduğu, həbs və ağır cəzaların mövcud olduğu bir mühitdə başadüşüləndir. Belə hallarda mədəni, təhsil, ədəbi və elmi fəaliyyət cəmiyyətin özünü qoruması, milli kimliyin gələcək nəsillərə ötürülməsi üçün ən davamlı vasitələrdən birinə çevrilə bilər.
Bu baxımdan əsas yükü mədəniyyət və maarifçilik üzərinə götürmək lazımdır. Ana dilində kitabların, məqalələrin və elektron materialların hazırlanması, tariximizin araşdırılması və sənədləşdirilməsi, folklorumuzun, musiqimizin və ədəbiyyatımızın qorunması, gənclərdə milli özünüdərk və tənqidi düşüncə qabiliyyətinin inkişaf etdirilməsi, mədəni sahələrdə imkan daxilində beynəlxalq əlaqələrin qurulması mühüm vəzifələrdir.
Bununla yanaşı, cəmiyyət daxilində fərqli baxışların mövcudluğuna da hörmətlə yanaşmaq vacibdir. Bəziləri mədəni fəaliyyətə, bəziləri hüquqi və vətəndaş təşəbbüslərinə, digərləri isə akademik fəaliyyətə üstünlük verə bilər. Əsas məqsəd ortaq milli dəyərlərin qorunmasıdır.
Mənim uzun illər «Anadili» qəzetində gördüyüm işlər də, əslində, bu istiqamətin nümunəsidir. Çünki qəzet siyasi ifadələrlə yanaşı, ana dilini və milli yaddaşı yaşatmağa xidmət edirdi.
Siyasi dəyişikliklərin nə zaman və hansı şəkildə baş verəcəyini əvvəlcədən bilmək mümkün olmadığı üçün, məncə, ən mühüm məsələ xalqın mənəvi və mədəni gücünü qorumaq, onun ana dilinə və tarixinə bağlılığını daha da möhkəmləndirməkdir. məncə, ən mühüm məsələ xalqın mənəvi və mədəni gücünü qorumaq, onun ana dilinə və tarixinə bağlılığını daha da möhkəmləndirməkdir. Siyasi şərait dəyişə bilər, amma dilini və yaddaşını qoruyan millət öz gələcəyini qurmaq imkanını da qoruyub saxlayır.
Ana dili, adlarımız və milli özünüdərk
Mən Səttarxan və Koroğlu teatrında da dilə gətirmişəm ki, bu cür çalışmalar təşviq olunmalıdır. Uşaqlara öz milli adlarımızın verilməsi üzərində dayanmalıyıq. Dilimizi yazarkən fars dili ilə ortaq olan sözlərin yazılışında fərqləndirmənin əhəmiyyəti də müzakirə olunmalıdır.
Bu məsələyə bir nümunə ilə aydınlıq gətirmək istəyirəm. Ərəb mənşəli «zülm» sözünün yazılışı fars dilində «ظلم», Azərbaycan türkcəsində isə «ظولم» şəklində fərqləndirilə bilər. Mən bu nümunəni təsadüfən seçməmişəm. Məqsədim uşağa öz ana dilinin ayrıca dil olduğunu, onun öz yazı ənənəsi və ifadə xüsusiyyətləri ilə seçildiyini göstərməkdir. Belə fərqləndirmə uşağın dilinə münasibətində müəyyən psixoloji təsir yarada, onda mənsubiyyət və özünəinam hissini gücləndirə bilər. Əlbəttə, milli dil şüuru yalnız yazı fərqi ilə formalaşmır; əsas məsələ dilin bütün zənginliyi ilə yaşadılması, öyrədilməsi və gündəlik həyatda işlədilməsidir.
Mən Sizə ərəb mənşəli «zülm» sözünün fars dilində və öz dilimizdə yazılışını müqayisəli şəkildə misal gətirmişdim. Məqsədim uşağa «mənim dilim ayrıca bir dildir» hissini aşılamağın psixoloji əhəmiyyətini göstərmək idi. Belə fərqləndirmənin uşağın özünüdərkində müəyyən təsiri ola bilər.
Səttarxan, Bağırxan və Koroğlu kimi tarixi və folklor qəhrəmanlarının səhnəyə, teatra, ədəbiyyata və uşaqların dünyasına gətirilməsi milli yaddaşın yaşadılması üçün təsirli vasitələrdəndir. Bir xalq öz qəhrəmanlarını unutduqda, zamanla keçmişi ilə əlaqələrinin zəifləməsi təhlükəsi yaranır. Buna görə də uşaqların Səttarxanı, Bağırxanı, Koroğlunu, Xiyabanini və Pişəvərini tanıması yalnız tarixi bilik məsələsi deyil, kollektiv yaddaşın davamlılığı məsələsidir.
Ad məsələsinə gəldikdə isə, dünyada bir çox xalqlar milli adların qorunmasına xüsusi əhəmiyyət verirlər. Ad insanın kimliyinin ilk sosial nişanələrindən biridir. Uşaqlara türk və Azərbaycan adlarının verilməsi ailənin öz mədəni irsini gələcək nəsillərə ötürməsinin yollarından biridir. Hələ 1340-cı illərdə Əli Təbrizi də bu məsələni dilə gətirərək valideynlərə uşaqlarına türk adları verməyi tövsiyə edirdi.
Təəssüf ki, bu gün televiziya demək olar ki, hər evdə mövcuddur. Mərkəzləşdirilmiş informasiya mühiti isə müəyyən şəraitdə yalnız informasiya vasitəsi deyil, assimilyasiya alətinə də çevrilə bilər.
Dil və yazı məsələsində vəziyyət bir qədər mürəkkəbdir. Doğrudur, yazı forması və söz seçimi insanın kimlik hissinə müəyyən təsir göstərə bilər. Lakin dilin gücü təkcə onun fərqli yazılışında deyil, gündəlik ifadəsində, ədəbiyyatında, təhsilində və yaradıcılığında üzə çıxır. Əgər uşaq ana dilində kitab oxuyursa, həmin dildə düşünür və öz fikirlərini sərbəst ifadə edirsə, onun milli kimlik hissi daha möhkəm formalaşır.
Yuxarıda verdiyim «zülm» sözünün yazılışı ilə bağlı nümunədə məqsəd uşağa «mənim dilim ayrıca bir dildir» hissini aşılamaqdırsa, bunun müəyyən psixoloji təsiri ola bilər. Çünki yazı sistemi də kimliyin simvollarından biridir. Lakin ən böyük təsir yenə də dilin zəngin və canlı istifadəsindən gəlir.
Milli kimlikdən ictimai məsuliyyətə
Məncə, siyasi meydan daraldıqda xalqın mənəvi varlığını qorumaq üçün ən etibarlı qala dil, mədəniyyət, tarix, ədəbiyyat, teatr və ailə tərbiyəsidir. Hakimiyyətlər dəyişə bilər, amma bir millətin dili və yaddaşı yaşadıqca onun gələcəyi də yaşayır.
Milli kimliyin və ictimai məsuliyyət hissinin formalaşması çox vaxt insanın öz dili, ədəbiyyatı, tarixi və mədəni irsi ilə tanışlığından başlayır. Məktəbdə öyrənilən bir şeir, səhnədə izlənilən qəhrəmanlıq dastanı, tarixi şəxsiyyətlər haqqında əldə edilən bilik və milli simvollarla qarşılaşmaq insanın özünüdərk prosesinin ilk addımlarına çevrilə bilər.
Siyasi şüur əksər hallarda məhz bu mənəvi və mədəni təməllər üzərində inkişaf edir.
Başqa sözlə desək, millət əvvəlcə öz varlığını hiss etməlidir. Bu hiss çox vaxt siyasi şüardan deyil, ana laylasından, məktəbdə öyrənilən şeirdən, səhnədə izlənilən Koroğludan və uşağa verilən addan başlayır. Bunlar milli özünüdərk zəncirinin halqalarıdır.
Tarixdə siyasi hərəkatların davamlılığı çox vaxt cəmiyyətin özünü necə dərk etməsindən asılı olub. İnsanlar əvvəlcə «Biz kimik?», «Ortaq tariximiz nədir?», «Dilimiz və mədəniyyətimiz nədir?» kimi suallara cavab tapdıqdan sonra ictimai və siyasi inkişaf üçün daha geniş zəmin yaranır.
Bugünə qədərki təcrübə göstərir ki, fəaliyyət yalnız siyasi şüarlar üzərində qurularsa, müəyyən qorxu və məsafə yarana bilər. Halbuki dil, ədəbiyyat, musiqi, teatr, tarix, folklor və ailə tərbiyəsi insanların gündəlik həyatına daha yaxın sahələrdir. Bu vasitələrlə cəmiyyətin daha geniş təbəqələri ilə əlaqə qurmaq mümkündür.
Məsələn, bir kənddə ana dili kursunun təşkili, uşaq teatrının yaradılması, Koroğlu və Səttarxan haqqında tamaşaların hazırlanması, yerli tarix gecələrinin keçirilməsi, folklor və uşaq yaradıcılığı tədbirlərinin təşkili bəzən siyasi toplantılardan daha çox insanı cəlb edə bilər. Çünki insanlar özlərini təhlükə altında hiss etmədən bu fəaliyyətlərdə iştirak edə bilərlər.
Bunu da nəzərə almalıyıq ki, mədəni fəaliyyətlə siyasi fəaliyyət bir-birinin rəqibi deyil. Tarixdə çox vaxt birincisi ikincisinə zəmin yaradıb. Milli özünüdərk gücləndikcə insanlar öz hüquqları, dilləri və gələcəkləri haqqında daha çox düşünməyə başlayırlar.
Çox danışdığımız məsələlərdən biri də «xalqın içinə girmək» ifadəsidir. Bu, mühüm məsələdir. Xalqın gündəlik həyatında yer almayan ideya uzunömürlü olmur. Amma xalqın mahnısında, dilində, məktəbində və xatirəsində yaşayan fikir nəsildən-nəslə ötürülə bilir.
Bu baxımdan mədəni özünüdərkin gücləndirilməsi ilə milli şüurun formalaşması arasında qarşıdurma deyil, ardıcıllıq münasibəti görmək lazımdır: əvvəlcə özünü tanımaq, sonra isə həmin kimlik əsasında gələcəyi düşünmək.
Unutmamalıyıq: dilini yaşadan, tarixini tanıyan, mədəniyyətini qoruyan xalq öz gələcəyinin təməlini özü qoyur.
Doktor Nurəddin Qərəvi


