Yaxın Şərqdə davam edən münaqişə qlobal enerji bazarında neft tədarükü ilə bağlı narahatlıqları daha da artırıb. Dünya üzrə neft ehtiyatlarının səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşdüyü açıqlanıb.
Elpress.az xəbər verir ki, “Saudi Aramco” şirkətinin baş direktoru Amin Nasser Londonda keçirilən “Energy Intelligence Forum”da çıxışı zamanı qlobal neft ehtiyatlarının hazırkı vəziyyətinin ciddi narahatlıq doğurduğunu bildirib.
Onun sözlərinə görə, “Böyük yeddilik” ölkələrinin qiymət artımının qarşısını almaq məqsədilə 100 milyon barelə qədər neft və dizel yanacağını bazara çıxarmaq qərarı yalnız qısamüddətli rahatlıq yarada bilər. Bu addım uzunmüddətli tədarük problemlərinin aradan qaldırılmasına kifayət etməyəcək.
Nasser qeyd edib ki, fevral ayında ABŞ və İsrailin İranla müharibəyə başlamasından sonra dünya üzrə neft ehtiyatlarının təxminən 30 faizi itirilib. O bildirib ki, böhran başlayanda qlobal bazarda təxminən 10 milyard barel neft ehtiyatı olub və sonrakı dövrdə ümumi təklifin təxminən 3 milyard bareli itirilib.
“Saudi Aramco” rəhbərinin sözlərinə görə, Hörmüz boğazının tam açılması və bazarlarda etimadın bərpası tədarük məsələsini dərhal həll etməyəcək. O, mövcud ehtiyatların yenidən əvvəlki səviyyəyə çatdırılmasının iki ilə qədər vaxt apara biləcəyini vurğulayıb.
Nasserin fikrincə, Hörmüz boğazında vəziyyət tam sabitləşənədək qlobal enerji bazarında təzyiqin davam etməsi mümkündür.


