“44” bədii filmi oktyabrın 15-dən Azərbaycan kinoteatrlarında nümayişə çıxarılacaq. Ekran əsərinin hazırlanmasında geniş heyət iştirak edib, musiqi və səs tərtibatına isə xüsusi diqqət ayrılıb.
Elpress.az xəbər verir ki, filmin çəkilişlərinə 2500 hərbçi və 42 Xüsusi Təyinatlı Qüvvələr döyüşçüsü cəlb olunub.
Filmin musiqisi Opera və Balet Teatrının Simfonik Orkestrinin ifasında lentə alınıb. Yekun miksinq və masterinq işləri Böyük Britaniyanın “AIR Studios” studiyasında aparılıb. Musiqi tərtibatına ümumilikdə 394 saat, səs üzərində işlərə isə altı ay vaxt sərf olunub.
Ekran əsəri Dolby Digital 5.1 formatında hazırlanıb. Görmə imkanları məhdud tamaşaçılar üçün filmin tifloşərhli versiyası da ərsəyə gətirilib.
Mədəniyyət Nazirliyi, Kino Agentliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilən filmin gələcəkdə xarici ölkələrdə nümayişi və beynəlxalq kinofestivallarda iştirakı planlaşdırılır.





